ABŞ Senatı mayın 17-də prezident Donald Trampın təqdimatına baxaraq Cina Haspeli Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təsdiqləyib. Prezident təyinatı martın 13-də olmuşdu.
Novator.az bildirir ki, Cina Haspel 1956-cı ildə Kentukki ştatında, hərbçi ailəsində anadan olub. Orta təhsili Böyük Britaniyada alıb. 1978-ci ildə Luisvill Universitetini (Kentukki) filoloq və jurnalist ixtisasları ilə bitirib.
1985-ci ildən Mərkəzi Kəşfiyyat İdarəsində çalışan Cina Haspel Milli Məxfi Xidmətinin xarici kəşfiyyat və məxfi əməliyyatlar üzrə direktor müavini, qərargah rəisi, direktor müavini, Terrorla Mübarizə Mərkəzinin aparat rəhbəri postlarında çalışıb. 2017-ci ildən isə Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini olub.
Bu yaxınlarda Cina Haspelin 1990-cı illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin Avropa və Avrasiya bölmələrində çalışdığı, əsasən Rusiya istiqamətinə kuratorluq etdiyi açıqlanıb. Cina Haspelin 1990-cı illərin sonlarında Bakıda Mərkəzi Kəşfiyyat İdarəsinin yerli rezidenturasına rəhbərlik etdiyi haqda bilgilər də var. “Turan”ın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşlarından biri Cina Haspelin Bakıda işlədiyini təsdiqləyib, ancaq onun burada hansı vəzifəni tutduğunu açıqlamayıb. Təsdiqlənməmiş məlumatlara görə, Cina Haspel Bakıda USAİD təşkilatının (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi) strukturunda çalışıb.
Cina Haspel Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edən ilk qadındır.