Parlamentin 18 may iclasında “Hesablama Palatası haqqında” qanun ikinci oxunuşda qəbul olunub. Novator.az-ın məlumatına görə, layihə Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir.
Hesablama Palatası Milli Məclisin yaratdığı, parlamentə hesabat verən, daimi fəaliyyət göstərən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. Qurum icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və müvafiq qanun layihələrinə rəy verir; icra barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir; dövlət maliyyə nəzarətinin obyektlərində kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirir.
Palata sədr, sədr müavini və 7 auditordan ibarətdir. Üzvlərin səlahiyyət müddəti 7 ildir, Milli Məclis sədrinin təqdimatı əsasında parlamentin azı 63 deputatının səs çoxluğu ilə təyin edilirlər.
Hesablama Palatası kənar dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı əldə edir; dövlət vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş göstəricilərə uyğunluğunu təhlil edir; kənar dövlət maliyyə nəzarəti obyektlərindən maliyyə hesabatlarını və zəruri sənədləri kağız və (və ya) elektron formada alır, kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil olur; kənar dövlət maliyyə nəzarəti obyektlərində aidiyyəti sahələrə daxil olur, müvafiq sahələrdə müşahidələr aparır, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlayır, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır; sorğular göndərməklə dövlət qurumlarından və yerli özünüidarəetmə orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən kağız və (və ya) elektron formada məlumat və sənədlər alır; dövlət sirri hesab edilən, kommersiya, vergi və bank sirrini təşkil edən, habelə fərdi məlumatları əldə edir; aşkar edilmiş kənarlaşma hallarına dair sənədlərə və başqa sübutlara müdaxilə olunmasının qarşısını almaq məqsədi ilə müvafiq qaydada rəsmiləşdirilməklə kassaları, istehsalat və xidməti sahələrini, anbar və arxivləri, əmlakları möhürləyir və s.