2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat vəsaitin bərpasına nail olunub. AZƏRTAC xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin 18 may iclasında 2017-ci ildəki fəaliyyət barədə danışarkən belə deyib. O qeyd edib ki, ötən il Hesablama Palatası 60 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar çıxarıb: “Nəzarət tədbirlərinin 10-u analitik təhlil, 50-si audit formasında həyata keçirilib, həmin tədbirlər ümumilikdə 135 qurumu əhatə edib.
Hesabat ilində səkkiz istiqamətdə ümumilikdə 689 hal üzrə nöqsanlar üzə çıxıb. Bu, hər audit tədbirinə orta hesabla 13,8 nöqsan düşdüyünü göstərir. Hesabat ilində büdcə qanunvericiliyinin tələblərinə tam əməl edilməməsi, mühasibat uçotu və hesabatlılığın tərtibi, həmçinin dövlət satınalmaları ilə bağlı sahələrdə nöqsanların xüsusi çəkisi daha çoxdur. Nəzarət tədbirlərinin nəticəsi olaraq 2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 1,1 milyon manat, dövlət-təsərrüfat qurumlarının hesablarına 1,7 milyon manat olmaqla ümumilikdə 18 milyon manat vəsaitin bərpasına nail olunub. Hesabat ilində xarici valyutada vəsaitin bərpa edildiyini nəzərə almasaq, manatla bərpa edilmiş vəsaitin məbləği 2016-cı ilin göstəricindən 50 faiz çoxdur.
Bərpa edilmiş vəsaitlərin strukturunda dövlət gəlirləri sahəsində qanunvericiliyin pozulması nəticəsində bərpa edilmiş vəsaitlərin xüsusi çəkisi daha böyük olub. Hesabat ilində bu, ümumi bərpanın 34,4 faizinə bərabərdir.
Vəsaitlərin bərpası ilə yanaşı nəzarət tədbirlərinin nəticəsi kimi bir sıra tədbirlər də həyata keçirilib. 2017-ci ildə 4,5 milyon manat məbləğində işlərin görülməsi, 323,1 min manat məbləğində inventar və avadanlığın qurumlara çatdırılması təmin edilib, dövlət büdcəsi qarşısında 9,3 milyon manat məbləğində borc bağlanıb.
Hesablama Palatası 2017-ci ildə 26 qurumda 92 hal üzrə 83,3 milyon manat məbləğində vəsaitin səmərəsiz istifadəsinə yol verildiyini müəyyən edib”.