Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 16-da jurnalistlərə açıqlama verib. O deyib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə əməkdaşlıq edir: “Lakin bu o demək deyil ki, Avropa Şurasının həmin strukturlarında ölkəmizə qarşı qərəzli mövqe yoxdur. Mayın 15-də Parlament Assambleyasında qəbul edilən qərar da bu ikili standartların bariz nümunəsidir”.
Novator.az xatırladır ki, AŞPA-nın Prosedur Qaydalar Komitəsi mayın 15-də Səməd Seyidova və assambleyanın daha üç deputatına sanksiyalar tətbiq edib. Komitənin rəsmi açıqlamasında deyilir ki, AŞPA-da korrupsiya iddialarını araşdıran müstəqil təhqiqat qrupunun hesabatında adı çəkilən deputatlardan dördü Davranış Kodeksini ciddi surətdə pozub. Həmin dörd deputatın AŞPA-da bir sıra hüquqlardan müvəqqəti məhrum edilməsinə qərar verilib. Onlar məruzəçi təyin oluna, seçkiləri müşahidə edə, bəzi vəzifələri tuta, o cümlədən AŞPA-nın istənilən komitə və ya alt komitəsinin sədri, sədr müavini, assambleya prezidenti ola bilməzlər.
Sanksiyalara məruz qalan digər şəxslər İspaniyadan olan deputatlar Pedro Aqramunt (2010-2015-ci illərdə AŞPA-nın Azərbaycan üzrə məruzəçisi), Jordi Şukla, rumıniyalı deputat Sezar Florin Predadır (2016-cı ildən AŞPA-nın Azərbaycan üzrə məruzəçisi).
Pedro Aqramunta 10 illiyə, Səməd Seyidov, Jordi Şukla və Sezar Florin Predaya 2 illiyə sanksiya tətbiq edilir. Onlar AŞPA-da çıxış etmək hüququnu saxlayırlar, amma assambleyanı, yaxud assambleya komitələrini üçüncü tərəf qarşısında təmsil edə, Avropa Şurasının icraedici orqanı olan Nazirlər Komitəsinə suallar ünvanlaya bilməyəcəklər.
Aprelin 26-da AŞPA korrupsiya ittihamları üzrə müstəqil təhqiqat qrupunun hesabatını qəbul edib. Təhqiqat qrupu rüşvət alan 17 deputatın adını açıqlayıb. Sənəddə AŞPA-da konkret dövlətlərin maraqları ilə bağlı ayrı-ayrı məsələlər üzrə səsvermə zamanı bəzi deputatların ələ alındığı bildirilir. Hesabata görə, AŞPA-nın bir sıra keçmiş və hazırkı üzvləri Avropada Azərbaycan hakimiyyətinin maraqlarını təşviq etmək üçün rüşvət alıblar.
Səməd Seyidov mayın 16-sı Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, Avropa Şurasında sağlam qüvvələr olsa da, Azərbaycana qarşı olan qüvvələr, erməni lobbisi ölkə ilə bağlı qərəzli mövqe nümayiş etdirirlər: “Lakin həmin qüvvələr Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinə təsir göstərə bilməyəcəklər. Ermənistan və onun ətrafında olan qüvvələr beynəlxalq arenada Azərbaycana uduzduqları üçün başqa taktika seçirlər. Azərbaycan nümayəndə heyəti AŞPA-da hər zaman Dağlıq Qarabağ məsələsini qaldırır, Ermənistanın işğalçılıq siyasətini gündəmə gətirir, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həll olunmasının vacibliyini vurğulayır. AŞPA-da sanksiya tətbiq olunan insanlar Dağlıq Qarabağ məsələsini qaldıran şəxslərdir. Bu qərəzli addımlar bizim işimizə mənfi təsir göstərməyəcək. Bu, sadəcə, həmin qurumda böhranın, ikili standartların olduğunu göstərir. Azərbaycanın Avropa Şurası ilə çox yaxşı münasibətləri var, ancaq bunu gözü götürməyən qüvvələr ölkəmizi bu yoldan çəkindirmək istəyirlər. Lakin heç kim düşünməsin ki, biz bu meydanı tərk edəcəyik”.
Səməd Seyidov deyib ki, onun adı qara siyahıya qərəzli şəkildə salınıb: “Bu qərəzli sanksiya bizim söz demək imkanlarımıza, hansısa sənədlərin hazırlanmasına heç bir məhdudiyyət yarada bilməz. Bu, Azərbaycanın qurumda normal fəaliyyətinə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına heç bir əngəl yaratmayacaq. Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək”.
1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Avropa Şurasının insan haqları komissarı müstəqil vəzifəli şəxsdir. Şuranın konstitusiya hüququ üzrə məşvərətçi qurumu olan Venesiya Komissiyası fəaliyyət göstərir. Digər məşvərətçi orqan Yerli və Regional Hakimiyyətlər Konqresidir.
Avropa Şurasına 5 ildən bir Parlament Assambleyasında seçilən baş katib rəhbərlik edir.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.
Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan Səməd Seyidov AŞPA-da Azərbaycan nümayəndə heyətinə 2003-cü ildən rəhbərlik edir.