Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ötən ilin dekabrında itkin düşmüş və meyitləri mayın 16-da tapılmış alpinistlərin həlak olmasının səbəblərini araşdıran komissiya yaradılıb. Komissiyaya Quba Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Çingiz İsgəndərov başçılıq edir.
Rəsmi məlumata görə, komissiya üzvləri istintaq qrupu ilə birlikdə alpinistlərin meyitlərini Quba Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə ediblər. Müayinədən sonra onların nəşi ailələrinə təhvil verilib. Namin Bünyadovun nəşi Şəmkir rayonuna, Fəridə Cəbrayılzadənin nəşi Masallı rayonuna, Babur Hüseynovun nəşi Bakıya göndərilib.
Müayinənin nəticələri əsasında rəy tərtib olunacaq və Quba Rayon Prokurorluğuna təqdim ediləcək.
Novator.az xatırladır ki, “Gilavar” idman klubunun alpinistləri Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadə 2017-ci il dekabrın 23-də “Şahdağ” Milli Parkı ərazisindəki Xınalıq keçid məntəqəsindən Tufandağ zirvəsi istiqamətinə qalxıblar. Onların itkin düşdüyü dekabrın 27-də bilinib, axtarış başlayıb.
Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə axtarışları mayın 16-da nəticə verib. Hər üç alpinist çadır qurduqları ərazidə tapılıb. Onların çadırda istirahət vaxtı gözlənilmədən qar uçqununa düşdüyü ehtimal olunur.
Prokurorluq olayı Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə araşdırır. Rəsmi əsaslandırmaya görə, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoroloji şəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr var.