Ötən ilin sonunda itkin düşmüş “Gilavar” idman klubunun alpinistləri Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadədən xəbər var. Fövqəladə Hallar Nazirliyi bildirir ki, xilasedici dəstələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə axtarışları nəticə verib: mayın 16-sı axşam saatlarında alpinistlərə aid çadırın yeri müəyyən edilib, iki kişi və bir qadın meyiti tapılıb.
Novator.az xatırladır ki, alpinistlər 2017-ci il dekabrın 23-də “Şahdağ” Milli Parkı ərazisindəki Xınalıq keçid məntəqəsindən Tufandağ zirvəsi istiqamətinə qalxıblar. Onların itkin düşdüyü dekabrın 27-də bilinib, axtarış başlayıb. Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində, çətin meteoroloji şəraitdə aparıldığı üçün alpinistləri tapmaq mümkün olmurdu.
Axtarışları həyata keçirən qrupun rəhbəri Toğrul Mehdiyev AZƏRTAC-a deyib ki, hər üç alpinist təxminən eyni yerdə, çadır qurduqları ərazidə tapılıb: “Böyük ehtimalla onlar çadırda istirahət vaxtı gözlənilmədən qar uçqununa düşüblər. Dörd aydan çox vaxt keçsə də, meyitlər tanınan halda idi. Qarın altından çıxarılanda alpinistlərin şəxsiyyətini müəyyənləşdirmək olurdu”.
Xilasetmə qrupunun komandiri Anar Alxanov jurnalistlərə açıqlamasında alpinistlərin meyitlərinin qarın 4 metr dərinliyində aşkar olunduğunu bildirib.
Meyitlər hüquq mühafizə orqanları əməkdaşlarının iştirakı ilə Quba Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb və tibbi ekspertizadan keçirildikdən sonra təhvil veriləcək.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi olayı Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə araşdırır. Rəsmi əsaslandırmaya görə, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoroloji şəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr var.