Avropa Parlamentinin deputatları Avropa İttifaqının rəhbərliyinə Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə bağlı tövsiyələr verib. Saziş üzərində iş ötən ilin fevral ayından gedir.
Azadliq.info-nun məlumatına görə, tövsiyələr Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində 56 nəfər lehinə, 2 nəfər əleyhinə, 7 nəfər bitərəf olmaqla qəbul edilib.
Tövsiyələrdə deputatlar Avropa İttifaqını bu addımları atmağa çağırır:
– Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin demokratiyaya, qanunun aliliyinə, yaxşı idarəçiliyə, insan hüquq və əsas azadlıqlarına riayət və hörmətlə şərtlənməsini təmin etməyə;
– Azərbaycan hakimiyyətinə Avropa İttifaqının əsas dəyərlərinə və hüquqlarına riayət edilməsə, heç bir hərtərəfli sazişin ratifikasiya olunmayacağını xatırlatmağa;
– Azərbaycanla gələcək sövdələşmənin hərtərəfli olduğuna və hər iki tərəfə xeyir gətirəcəyinə zəmanət verməyə;
– İqtisadi cinayətlərə, o cümlədən korrupsiyaya, çirkli pulların yuyulmasına və vergi ödənişindən yayınmalara qarşı mübarizədə, habelə çirkli pulların yuyulması sxeminin işinin təkrar araşdırılmasında Azərbaycanı dəstəkləmək məqsədilə konkret müddəalar tətbiq etməyə;
– Danışıqlar başa çatana qədər Azərbaycanın 2017-ci ildə sayı 150 nəfərdən artıq olan siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi üzrə mühüm addımlar atmasını təmin etməyə;
– Azərbaycanda redaksiya müstəqilliyi və Avropa İttifaqının standartları təmin edilməklə azad və plüralist kütləvi informasiya vasitələrinin gələcək inkişafına şərait yaratmağa.