Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur Qaydalar Komitəsi Azərbaycanın assambleyadakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova və assambleyanın daha üç deputatına sanksiyalar tətbiq edib.
“Amerikanın səsi”nin məlumatına görə, Prosedur Qaydalar Komitəsinin rəsmi açıqlamasında deyilir ki, AŞPA-da korrupsiya iddialarını araşdıran müstəqil təhqiqat qrupunun hesabatında adı çəkilən deputatlardan dördü Davranış Kodeksini ciddi surətdə pozub. Həmin dörd deputatın AŞPA-da bir sıra hüquqlardan müvəqqəti məhrum edilməsinə qərar verilib. Onlar məruzəçi təyin oluna, seçkiləri müşahidə edə, bəzi vəzifələri tuta bilməzlər, o cümlədən AŞPA-nın istənilən komitə və ya alt komitəsinin sədri, sədr müavini, assambleya prezidenti ola bilməzlər.
Sanksiyalara məruz qalan digər şəxslər İspaniyadan olan deputatlar Pedro Aqramunt (2010-2015-ci illərdə AŞPA-nın Azərbaycan üzrə məruzəçisi), Jordi Şukla, rumıniyalı deputat Sezar Florin Predadır (2016-cı ildən AŞPA-nın Azərbaycan üzrə məruzəçisi).
Sanksiya Pedro Aqramunta 10 illiyə, Səməd Seyidov, Jordi Şukla və Sezar Florin Predaya 2 illiyə tətbiq edilir.
Adıçəkilən şəxslər AŞPA-da çıxış etmək hüququnu saxlayırlar, amma onlar assambleyanı, yaxud assambleya komitələrini üçüncü tərəf qarşısında təmsil edə, Avropa Şurasının icraedici orqanı olan Nazirlər Komitəsinə suallar ünvanlaya bilməyəcəklər.
Aprelin 26-da AŞPA korrupsiya ittihamları üzrə müstəqil təhqiqat qrupunun hesabatını qəbul edib.
Təhqiqat qrupu rüşvət alan 17 deputatın adını açıqlayıb. Sənəddə AŞPA-da konkret dövlətlərin maraqları ilə bağlı ayrı-ayrı məsələlər üzrə səsvermə zamanı bəzi deputatların ələ alındığı bildirilir. Hesabata görə, AŞPA-nın bir sıra keçmiş və hazırkı üzvləri Avropada Azərbaycan hakimiyyətinin maraqlarını təşviq etmək üçün rüşvət alıblar.
Novator.az bildirir ki, 2018-ci ilin yanvarında Milli Məclisin AŞPA-da nümayəndə heyəti qismən dəyişib. Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədovu Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə əvəzləyib.
Səməd Seyidovun rəhbərlik etdiyi heyətdə Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rafael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov da yer alıb.
1949-cu ildə yaradılan Avropa Şurası 47 ölkəni birləşdirir. Qurumun əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Avropa Şurasının insan haqları komissarı müstəqil vəzifəli şəxsdir. Şuranın konstitusiya hüququ üzrə məşvərətçi qurumu olan Venesiya Komissiyası fəaliyyət göstərir. Digər məşvərətçi orqan Yerli və Regional Hakimiyyətlər Konqresidir.
Avropa Şurasına 5 ildən bir Parlament Assambleyasında seçilən baş katib rəhbərlik edir.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.
Səməd Seyidov AŞPA-da Azərbaycan nümayəndə heyətinə 2003-cü ildən rəhbərlik edir.
1964-cü ildə Bakıda anadan olan Səməd Seyidov Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin psixologiya fakültəsini bitirib. Psixologiya elmləri doktoru, professordur.
1986-cı ildən indiki Azərbaycan Dövlət Dillər Universitetində laborant, baş laborant, müəllim, baş müəllim, prorektor vəzifələrində çalışıb, 2000-2015-ci illərdə rektor olub.
2000-ci ildən Milli Məclisin deputatıdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Səməd Seyidov Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir.