Mayın 15-də Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki üçün müsabiqəsi start götürüb. Müsabiqədə iştirak tələblərinə görə, namizəd Azərbaycan Respublikasının vətəndaşı və ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.
Namizədlər mayın 30-dək Milli Televiziya və Radio Şurasına bu sənədləri təqdim etməlidir: ərizə; şəxsiyyət vəsiqəsinin surəti; əmək kitabçasının surəti; tərcümeyi-hal; kadrların şəxsi uçot vərəqi; ali təhsil haqqında dövlət sənədi.
Namizədlər müəyyənləşdirildikdən sonra sənədlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının 11 may iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Rəsmi məlumata görə, Cəmil Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən gedib.
Şuranın iclasında Balakişi Qasımovun baş direktoru seçildiyi elan olunub. Sonra bu xəbər təkzib edilib.
Novator.az bildirir ki, Balakişi Qasımov 1978-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
“Kim? Harda? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harda? Nə vaxt?” oyununun aparıcısı və baş prodüseri, Gametv.az Prodüser Mərkəzinin rəhbəridir.
Baş direktor 4 il müddətinə seçilir.
9 üzvü olan Yayım Şurası proqramların yayımı zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi üzərində nəzarəti həyata keçirir. Şuranın İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunu seçmək, baş direktorun təqdimatı ilə onun müavinlərini vəzifəyə təyin və ya vəzifədən azad etmək, vəzifə təlimatları və daxili tənzimləyici normalar hazırlayıb qəbul etmək səlahiyyətləri var.
Yayım Şurasının üzvləri bu qurumların irəli sürdüyü namizədlər arasından seçilir: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası; Milli Elmlər Akademiyası; Mətbuat Şurası; Sahibkarlar Şurası; gənclər təşkilatları; qadın cəmiyyətləri; idman federasiyaları; dini konfessiyalar; yaradıcılıq təşkilatları. Namizədlər Milli Məclisdə təsdiqlənir.
Quruma akademik Muxtar İmanov sədrlik edir.