Xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-ü Belçikanın paytaxtı Brüsseldə keçirilən “Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları” mövzulu beynəlxalq konfransda çıxış edib. Mfa.gov.az-ın məlumatına görə, nazir deyib ki, 2017-ci il İŞİD-in məğlub edilməsi baxımından mühüm il olub: “Onun nəzarətində olan geniş ərazilər və çoxsaylı istehkamlar azad edildi. İndi isə yaraları necə müalicə edəcəyimizə və bütün bunlardan təsirlənən insanların problemlərinin aradan qaldırılmasına baxmaq zamanıdır.
Bu gün qaçqınların və məcburi köçkünlərin vəziyyəti aidiyyəti ölkələrdə ən mürəkkəb və problemli məsələ olmaqda davam edir. Fürsətdən istifadə edərək münaqişə bölgələrindən qaçanlar üçün təcili və müvəqqəti sığınacaq təmin etmək kimi ən ağır yükü öz üzərinə götürən Türkiyə, Livan və İordaniyanın səylərini yüksək qiymətləndirirəm. Dünyada məcburi köçkünlərin sayının 41 milyona çatdığı bir dönəmdə məcburi köçkünlərin layiqli şəkildə geri qayıtması çox vacibdir və biz çox sevinirik ki, məcburi köçkünlərin layiqli şəkildə öz evlərinə geri qayıtmasının vacibliyinə dair ortaq anlaşma və dəstək var. Azərbaycan məcburi köçkünlərin problemlərinə dair məlumatlılığı artırmaq üçün bütün səyləri tam dəstəkləyir. Azərbaycan dünyada adambaşına ən çox məcburi köçkünə sahibdir. Mənim ölkəmdəki bu vəziyyət Ermənistanın beynəlxalq hüququ aşkar şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal etməsi nəticəsində yaranıb. Hazırda Azərbaycanda məcburi köçkünlərin və qaçqınların sayı 1 milyonu ötür, bu da ümumi əhalinin onda birindən artıqdır.
Qaçqın və məcburi köçkünlərin hüquqlarının tam bərpası onların öz doğma yurd-yuvalarına könüllü, təhlükəsiz, layiqli və dayanıqlı şəkildə dönməsini tələb edir. Təəssüf ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq bizdə bu hələ qeyri-mümkündür.
Eyni zamanda qaçqın böhranının aradan qaldırılmasına töhfə vermək bəhanəsi ilə Yaxın Şərqdən qaçqınların problemlərindən faydalanmaq cəhdləri olduğunu vurğulamalıyam. Suriyada vəziyyət pisləşdikdən sonra Ermənistan Suriya ermənilərini işğal altında olan Azərbaycan ərazilərinə yerləşməyə təşviq edir. Müxtəlif hesabatlara əsasən, yüzlərlə Suriya ermənisi işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilib. Beynəlxalq qanunların ciddi şəkildə pozulması sayılan bu köçürmə siyasətinin arxasında azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşısını almaq və işğal edilmiş ərazilərin ilhaqını təmin etmək siyasəti dayanır”.