Türkiyədə prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb. Novator.az-ın məlumatına görə, seçki iyunun 24-də parlament seçkisi ilə birgə keçiriləcək, bununla ölkədə prezident idarə üsulu tətbiq olunacaq.
Prezident kürsüsü uğrunda 6 nəfər yarışır. Hakim Ədalət və İnkişaf Partiyasının sədri olan dövlət başçısı Rəcəb Teyyub Ərdoğana 24 iyun seçkisində bəzi müxalif qüvvələr, o cümlədən Milliyyətçi Hərəkat və Böyük Birlik partiyaları da dəstək verir.
Əsas müxalif qurum olan Cümhuriyyət Xalq Partiyası prezident seçkisinə Böyük Millət Məclisinin 54 yaşlı deputatı Məhərrəm İncənin namizədliyi ilə gedir.
Prezidentliyə digər namizədlər Vətən Partiyasının 75 yaşlı lideri Doğu Perinçek, Yaxşı Partiyanın 61 yaşlı lideri Maral Akşener, Səadət Partiyasının 75 yaşlı lideri Təməl Qaramollaoğlu və Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaşdır. 45 yaşlı Səlahəddin Dəmirtaş hazırda həbsdədir.
İndi Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur. Yeni seçiləcək parlament 600 deputatdan ibarət olacaq.
Ədalət və İnkişaf Partiyası 2002-ci ildən hakimiyyətdədir. 64 yaşlı Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub, 2014-cü ildən prezidentdir.
Ədalət və İnkişaf Partiyasının parlamentdə 316 deputatı var. Cümhuriyyət Xalq Partiyası Böyük Millət Məclisində 131, Xalqların Demokratik Partiyası 48, Milliyyətçi Hərəkat Partiyası 35, Yaxşı Partiya 6 mandatla təmsil olunur. 1 deputat bitərəfdir.