“Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır”. AZƏRTAC-ın məlumatına görə, mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd edib ki, bir neçə il bundan əvvəl limanın tikintisi ilə bağlı qərar verib: “Bilirdim, görürdüm ki, Azərbaycanın çox böyük nəqliyyat və tranzit potensialı olacaq, ölkəmiz sürətlə inkişaf edəcək. Belə bir qərarın qəbul edilməsi bir daha göstərdi ki, bizim siyasətimiz uzaqgörən siyasətdir, düşünülmüş siyasətdir.
Tikinti işləri başlamışdı və biz bu tikinti işlərini mərhələlərə böldük. 2014-cü ildə bərə terminalı, bu ilin əvvəlində isə Ro-Ro terminalı istifadəyə verildi, bu gün isə liman tam fəaliyyətə hazırdır. On beş milyon ton yükaşırma, o cümlədən 100 min konteyner yükaşırma qabiliyyəti olan liman bizim nəqliyyat infrastrukturumuzun möhkəmlənməsində önəmli rol oynayacaq. Bundan sonrakı mərhələ yükaşırma qabiliyyətini 25 milyon tona çatdırmağa hesablanıb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik. Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülüb. Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var. Mənə verilən məlumata görə, son bir neçə il ərzində əlavə 18 gəmi alınıb. Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilib. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq.
Son 15 il ərzində ölkəmizdə 15 min kilometr avtomobil yolu salınıb. Bizim bütün qonşu dövlətlərlə sərhədimizə qədər gedən yollar istifadəyə verilib, şəhərlərarası, kənd yolları, yəni bu infrastruktur da yaradılıb. Bu illər ərzində 7 aeroport tikilib. Onlardan 6-sı beynəlxalq aeroportdur. Azərbaycanın ən müasir təyyarə parkı var. Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaxınlarda beşulduzlu statusu alıb. Məlumat üçün demək istərdim ki, dünyada cəmi 9 aeroportun beşulduzlu statusu var.
Biz dəmir yolu infrastrukturumuzu müasirləşdiririk, mövcud dəmir yolu xətlərini təzələyirik, yeni dəmir yolu xətləri çəkilir ki, sürət artsın. Lokomotivlər, vaqonlar alınır. Bakı-Tbilisi-Qars dəmir yolu keçən ilin oktyabr ayında bu ərazidə istifadəyə verilib. Bu, tarixi layihə idi. Azərbaycan bu layihənin təşəbbüskarı idi və bu layihənin həyata keçirilməsi üçün böyük vəsait ayırıb. Biz Bakını Avropaya dəmir yolu xətti ilə birləşdirdik. Əslində Asiyanı Avropa ilə birləşdirən Azərbaycan olub. Bu nəqliyyat dəhlizi uzun illər bundan sonra bizə böyük gəlirlər gətirəcək, xalqımıza böyük fayda verəcək. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Bu layihənin uğurla icra edilməsi nəticəsində Azərbaycan bu bölgədə öz mövqeyini daha da gücləndirəcək.
Biz hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və öz ərazimizdə bütün lazımi işləri başa çatdırdıq. Beləliklə, həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcək. Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcək. Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək. Artıq biz bunu görürük və biz bu funksiyanı artıq yerinə yetiririk.
Fikirləşmək olardı ki, biz artıq bununla işimizi başa çatmış hesab edə bilərik. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hazırda Cənub-Qərb nəqliyyat dəhlizinin işə salınması ilə məşğuluq. Bu da çox önəmli nəqliyyat dəhlizidir və mənə verilən məlumata görə, birinci sınaq qatarı artıq bu yolla hərəkət edib. Beləliklə, biz böyük nəqliyyat infrastrukturu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini qat-qat artırmış oluruq. Eyni zamanda bu layihələr beynəlxalq əməkdaşlığı genişləndirir, gücləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır. Şərq-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini birləşdirir. Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. Cənub-Qərb dəhlizi isə daha geniş formatda ölkələri birləşdirir. Bütün bu layihələrdə iştirak edən ölkə Azərbaycandır. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səylər qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük.
Bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfəət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səmərə ilə istifadə edərək öz iqtisadi vəziyyətimizi daha da yaxşılaşdıracağıq. Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək. Onsuz da dünyada bizə böyük hörmət, rəğbət var. Azərbaycan çox etibarlı tərəfdaş, çox qabiliyyətli ölkə kimi tanınır. Bizim artan iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri icra edək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən önəmli layihələrdən biridir və bu gün bizim tariximizdə yaddaqalan və önəmli gün kimi qalacaq”.