Xalq hərəkatının fəallarından olan AXCP üzvü Mirfeyzulla Seyidov barəsində cinayət işinə başlanıb.
İstintaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə aparılır.
Mirfeyzulla Seyidov mayın 9-da tutulub. Mayın 10-da Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
AXCP-nin Xətai rayon təşkilatının Məclis üzvü olan Mirfeyzulla Seyidovun hazırda Bakı İstintaq Təcridxanasında saxlandığı bildirilir.
Vəkil Cavad Cavadov bəyan edib ki, Mirfeyzulla Seyidov dializ xəstəsidir və onun xəstəlik sənədləri tezliklə hüquq mühafizə orqanlarına təqdim ediləcək.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən əməllər 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.