Hesablama Palatası parlamentə 2017-ci ildəki fəaliyyəti barədə hesabat təqdim edib. AZƏRTAC hesabata istinadla bildirir ki, palatanın 2017-ci ildə apardığı audit tədbirləri ilə ümumilikdə 10 milyard 992,9 milyon manat vəsait əhatə olunub. Bunun 22,9 faizi dövlət büdcəsinin xərcləri, 4,4 faizi büdcədənkənar fondların vəsaitləri, 0,09 faizi Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri, 14,4 faizi beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2 faizi digər mənbələrdən ayrılan vəsaitlərdir.
Hesabatda 2017-ci ildə 288 vətəndaş müraciəti (47 ərizə, 82 şikayət, 159 təklif) alındığı, bunun ötən dövrlə müqayisədə 14,3 faiz az olduğu göstərilir.
Vəzifədən sui-istifadə ilə bağlı müraciətlərin sayı (151) 2016-cı illə müqayisədə 4,9 faiz artıb. Sosial məsələlərlə bağlı 62 (2016-cı il illə müqayisədə 10,7 faiz çox), işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56 müraciətə baxılıb, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi ilə bağlı olan müraciətlər araşdırılması üçün aidiyyəti qurumlara göndərilib.
Həmçinin daxil olan 54 müraciət üzrə vətəndaşlara müvafiq izahat verilib, 205 müraciətdə qeyd edilən məsələlər Hesablama Palatasının fəaliyyətinə aid olmadığı üçün aidiyyəti təşkilatlara göndərilib, 6 müraciət müvafiq qaydada həll edilib, 23 müraciət isə anonim və məlumat xarakterli olduğu üçün baxılmamış saxlanıb.