Mayın 9-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Ermənistan baş naziri Nikol Paşinyan Xankəndidə keçirdiyi mətbuat konfransında tələblər irəli sürüb. Novator.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsindən danışan baş nazir deyib ki, Ermənistan rəhbəri olaraq Azərbaycanla danışıqlara hazırdır: “Dağlıq Qarabağ adından danışıqları isə yalnız Dağlıq Qarabağ nümayəndələri apara bilər. Münaqişənin həllinin əsas komponentlərindən biri düzgün formatın seçilməsidir. Dağlıq Qarabağ danışıqların tərəfi olmalıdır. Ermənistan da münaqişə tərəfidir, amma Yerevan yalnız öz adından danışa bilər”.
Azərbaycanı hərbi ritorikada günahlandıran Nikol Paşinyan Ermənistanın və Dağlıq Qarabağın geri çəkilməyəcəyini vurğulayıb. O, bölgəyə sülhməramlı kontingentin yerləşdirilməsinə qarşı çıxıb və əlavə edib ki, gələcəkdə Dağlıq Qarabağla Ermənistanın birləşməsi istisna olunmur.
Nikol Paşinyan Dağlıq Qarabağa Şuşanın ələ keçirilməsinin 26-cı ili ilə bayram tədbirlərinə qatılmaq üçün gəlib. Mayın 9-da o, Xankəndidə keçirilən bayram yürüşündə iştirak edib, Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla birgə hərbi müşavirə keçirib. Şuşaya da baş çəkən Nikol Paşinyan şəhərdə açılan erməni dramı muzeyində olub.
Səfərdə baş naziri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Movses Akopyan və başqa rəsmilər müşayiət edib.
Vətəndaş Sazişi Partiyasının sədri olan 42 yaşlı Nikol Paşinyan mayın 8-dən baş nazirdir. 2008-2018-ci illərdə prezident postunu tutan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur olub. Xalq etirazlarına Nikol Paşinyan başçılıq edib.
1988-ci ilin fevralında Azərbaycanın Mardakert, Martuni, Hadrut, Şuşa, Əsgəran rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.