Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair açıqlamalarını şərh edib. O deyib ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər rayonlarını işğal edib, bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə törədib: “ATƏT-in 1992-ci ilin martında çıxardığı qərarla Minsk qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb.
Münaqişənin siyasi həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. Həmin qətnamələrdə Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənir, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.
Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir. Ermənistan bu prinsipin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin birtərəfli qaydada Azərbaycandan ayrılmasına tətbiq oluna biləcəyini iddia edir.
Əslində bunun Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, ATƏT-in Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar daxil olmaqla beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur.
Helsinki Yekun Aktının 8-ci bəndində öz müqəddəratını təyinetmə prinsipinin BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadəsi təsbit edilib. Dağlıq Qarabağın sakinləri Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər. Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində erməni və azərbaycanlı icmalarının sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur.
Biz hələ də ümid edirik ki, Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin səhvlərini təkrar etməyəcək, sağlam siyasət yürüdəcək və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün sivil münasibətlər qurmağa çalışacaqdır. Münaqişənin həll edilməsi regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə bilər və bundan da ilk növbədə Ermənistan əhalisi faydalana bilər. Odur ki, top Ermənistanın meydançasındadır və yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur”.
Mayın 9-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Nikol Paşinyan Xankəndidə keçirdiyi mətbuat konfransında tələblər irəli sürüb. Dağlıq Qarabağ münaqişəsindən danışan baş nazir deyib ki, Ermənistan rəhbəri olaraq Azərbaycanla danışıqlara hazırdır: “Dağlıq Qarabağ adından danışıqları isə yalnız Dağlıq Qarabağ nümayəndələri apara bilər. Münaqişənin həllinin əsas komponentlərindən biri düzgün formatın seçilməsidir. Dağlıq Qarabağ danışıqların tərəfi olmalıdır. Ermənistan da münaqişə tərəfidir, amma Yerevan yalnız öz adından danışa bilər”.
Vətəndaş Sazişi Partiyasının sədri olan 42 yaşlı Nikol Paşinyan mayın 8-dən baş nazirdir.