ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra edən Cina Haspel Bakıda da işləyibmiş.
“Turan” xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi ilk dəfə olaraq Cina Haspelin tərcümeyi-halından bəzi məqamları açıqlayıb.
Məlum olub ki, 1985-ci ildən Mərkəzi Kəşfiyyat İdarəsində fəaliyyət göstərən Cina Haspel 1990-cı illərdə idarənin Avropa və Avrasiya bölmələrində çalışıb, əsasən Rusiya istiqamətinə kuratorluq edib.
BBC bildirir ki, Cina Haspelin Rusiyaya “15 illik gizli ezamiyyəti” olub. O, rus dilini yaxşı bilir. Yeri gəlmişkən, Cina Haspel Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edən ilk qadın olmaqla yanaşı həm də bu postda ruscanı yaxşı bilən ilk şəxsdir.
“Vaşinqton Post” qəzeti yazır: “Keçmiş həmkarları bildirirlər ki, bəzi ezamiyyətlərdə o, rusiyalı agentlərə qarşı əməliyyatlara rəhbərlik edib”.
BBC Cina Haspelin bir neçə il Azərbaycanda da işlədiyini vurğulayır.
“CBS News” xəbər verir ki, Cina Haspel 1990-cı illərin sonlarında Bakıda Mərkəzi Kəşfiyyat İdarəsinin yerli rezidenturasına rəhbərlik edib. Bu vəzifədə çalışdığı dövrdə – 1998-ci ildə o, Keniyada və Tanzaniyada ABŞ səfirliklərinə hücumda ittiham olunan iki nəfərin tutulması ilə nəticələnmiş uğurlu əməliyyata cəlb olunub.
Cina Haspelin Bakıdakı rezidenturanın rəhbəri olduğu vaxt eyni zamanda Ankaradakı rezidenturaya rəhbərlik etdiyi və türk dilini yaxşı öyrəndiyi vurğulanır.
“Turan” yazır ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşlarından biri Cina Haspelin Bakıda işlədiyini təsdiqləyib, ancaq onun burada hansı vəzifəni tutduğunu açıqlamayıb. Təsdiqlənməmiş məlumatlara görə, Cina Haspel Bakıda USAİD təşkilatının (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi) strukturunda çalışıb.
Cina Haspeli Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə prezident Donald Tramp bu il martın 13-də təyin edib. Prezidentin qərarı hələ Senatda təsdiqlənməyib. Buna görə də Cina Haspel hələlik idarənin direktoru yox, direktor vəzifəsini icra edən şəxs sayılır.
Cina Haspel 1956-cı il oktyabrın 1-də anadan olub.
Onun 32 illik karyerasının əksər hissəsi xaricdə keçib. İndiyə qədər onun tərcümeyi-halından bu məlum idi ki, Cina Haspel Mərkəzi Kəşfiyyat İdarəsinin Milli Məxfi Xidmətinin xarici kəşfiyyat və məxfi əməliyyatlar üzrə direktor müavini, qərargah rəisi, direktor müavini, Terrorla Mübarizə Mərkəzinin aparat rəhbəri postlarında çalışıb. 2017-ci ildən isə Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini olub.