Ermənistan inqilabının lideri Nikol Paşinyan mayın 8-i parlamentdə baş nazir seçilib. O, yeganə namizəd olub və 59 nəfərin səsini qazanıb. 42 nəfər onun əleyhinə səs verib.
İndi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır.
Novator.az bildirir ki, Ermənistan Konstitusiyasına görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır. Dövlət idarəçiliyinə ümumi rəhbərliyi baş nazir həyata keçirir. Qubernatorların təyinatı onun səlahiyyətindədir.
Nazirlər Kabineti üzvlərinin, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrin təyinatı baş nazirin təqdimatı ilə gerçəkləşir.
Silahlı Qüvvələr hökumətə tabedir, baş nazir Təhlükəsizlik Şurasına sədrlik edir, müharibə zamanı ali baş komandan olur. Baş Qərargah rəisi, qoşunların ali komandan heyəti vəzifəyə baş nazirin təqdimatı ilə təyin edilir.
Nikol Paşinyan 1975-ci il iyunun 1-də Ermənistanın İcevan şəhərində doğulub. Yerevan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
1993-cü ildən “Dprutyun” qəzetində, 1994-cü ildən “Lraqir” qəzetində müxbir, 1995-ci ildən “Molorak” qəzetində redaktor, 1998-ci ildən “Oraqir” qəzetində baş redaktor vəzifələrində çalışıb.
1999-cu ildən “Aykakan jamanak” qəzetinin baş redaktoru olub. 2008-ci ildə ona kütləvi iğtişaşların təşkili ittihamı ilə cinayət işi qaldırılıb. 2009-cu ildə həbs edilən Nikol Paşinyan 2011-ci ildə azadlığa çıxıb.
2012-ci ilin parlament seçkisinə birinci prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.
Vətəndaş Sazişi Partiyasının sədridir. 2017-ci ilin parlament seçkisində “Çıxış” blokundan parlamentə düşüb.
Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “Aykakan jamanak” qəzetinin baş redaktorudur. Onların dörd övladı var.
2008-2018-ci illərdə prezident postunu tutan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur olub. Xalq etirazlarına Nikol Paşinyan başçılıq edib.