Prezident İlham Əliyev şimal bölgəsinə səfərində yeni bəyanatlar verib. Mayın 4-ü “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında çıxış edən dövlət başçısı qeyd edib ki, son iki il ərzində dördüncü fabrik istifadəyə verilir: “Biz xalçaçılıq sənətini yaşatmalıyıq, yaşadacağıq və belə fabriklərin açılması ölkəmizin ümumi inkişafını göstərir. Burada 100-dən çox iş yeri açılıb, gələcəkdə 150 iş yeri yaradılacaq, bunun üçün hər cür şərait var. Çox şadam ki, qadınlar üçün iş yerləri yaradılır. Ümumiyyətlə, Azərbaycanda iş yerlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Amma çox sevindirici hal ondan ibarətdir ki, qadınlar da fəal işə cəlb olunurlar. Xalçaçılıq elə sənətdir ki, bunu qadınlar yaşadırlar.
İki il əvvəl mənim sərəncamımla “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılıb və qarşıya vəzifə qoyulub ki, bu təşkilat xalçaçılıq sənətini yaşatsın, inkişaf etdirsin və ölkəmizin müxtəlif yerlərində 30 xalça fabriki açılsın. Bu fabrik sayca dördüncüdür və gələn ilin sonuna qədər artıq 30 fabrik işə düşəcək, minlərlə iş yeri yaradılacaq.
Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir. Bakıda gözəl Xalça Muzeyi tikilib istifadəyə verilib. Yəni biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk. Eyni zamanda gənc nəsil də, qızlar da bu sənətə cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan dünyada xalçaçılığın inkişafında öz sözünü gələcəkdə də deyəcək. İş yerlərinin yaradılması çox önəmli məsələdir. Qeyd etdiyim kimi, bu fabriklərin fəaliyyətə başlaması nəticəsində minlərlə iş yeri yaradılacaq.
“Azərxalça”nın qarşısında bir vəzifə də qoyulub ki, xalçanın istehsalında istifadə edilən bütün xammal yerli xammal olsun. Bu məqsədlə indi ölkəmizin müxtəlif yerlərində yun tədarükü mərkəzləri yaradılır. Baramaçılıq sürətlə inkişaf etdirilir ki, ipək xalçalar da toxunsun. Sumqayıt şəhərində yunəyirici-boyaq fabriki inşa edilir. Yəqin ki, gələn il istifadəyə veriləcək. Beləliklə, bundan sonra xaricdən xammalın gətirilməsinə heç bir ehtiyac qalmayacaq. Yüz faiz yerli məhsul olaraq Azərbaycan xalçası dünyaya təqdim ediləcək.
Digər mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”.
Həmin gün Xızıda şəhərin və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə danışan İlham Əliyev ölkənin sosial-iqtisadi həyatının müsbət istiqamətdə getdiyini vurğulayıb: “Üç ayın göstəriciləri bizi çox sevindirir. İndi bir neçə gündən sonra dörd ayın yekunları da veriləcək. Əminəm ki, biz dinamikanı nəinki saxlayacağıq, həm də artıracağıq. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Sosial məsələlərin həllinə gəldikdə, bu günə qədər bir çox sosial yönümlü layihə həyata keçirilib. Bu layihələrin həyata keçirilməsi davam etdiriləcək, eyni zamanda bütün sosial sahədə tam şəffaflıq yaradılmalıdır. Bu, yeni dövrün tələbidir. Əvvəlki dövrlərdə də mən qarşıya bu vəzifəni qoymuşam və bu gün bir daha çox ciddi tapşırıq verirəm ki, sosial sahədə maksimum şəffaflıq təmin edilməlidir. Əminəm ki, ediləcək və sosial ədalət tam bərqərar olmalıdır.
Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub. Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdiririk. Ancaq bununla bərabər sosial məsələlərin həllinə çox böyük diqqət göstəririk. Bunun nəticəsində ölkəmiz uğurla inkişaf edir. Bunun nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Bu gün Azərbaycan inkişaf, sabitlik, xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilib.
İndi dünyada, bölgədə, qonşuluqda baş verən hadisələri izləyərkən bir daha görürük ki, sosial sahədə pozuntular, bu sahəyə diqqətin göstərilməməsi və xoşagəlməz halların kütləvi xarakter alması böyük çətinliklərə, problemlərə, toqquşmalara gətirib çıxarır. Bizim siyasətimiz həmişə birmənalı olub: güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bu prinsiplərin vəhdəti Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edib. Bunun nəticəsində biz uğurla inkişaf edirik. Bu gün Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf tam təmin edilir və bir çox sosial layihələr icra olunur. Vəzifə isə çox sadədir, onu biz bir neçə il əvvəl qarşımıza qoymuşuq ki, insanları narahat edən bir dənə də problem qalmasın. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikintisi, insanların maddi vəziyyətinin yaxşılaşdırılması və infrastrukturla bağlı olan layihələr. Hər bir yerdə, hər bir rayonda və hər bir kənddə bu məsələlərə xüsusi diqqət göstərilir. Əldə edilmiş nəticələr və bu ilin gözəl göstəriciləri tam deməyə əsas verir ki, biz bu düzgün yolla gedəcəyik və bu günə qədər həllini tapmayan məsələlər də yaxın gələcəkdə öz həllini tapacaq”.