Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin statusu ilə bağlı yeni fərmanlar imzalayıb. Novator.az bildirir ki, dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərmana edilmiş dəyişikliklə Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətlərinin yoxlama səlahiyyətləri Qida Təhlükəsizliyi Agentliyinə keçir.
Agentliyin statusunu möhkəmləndirən digər sənədlərlə Gömrük Məcəlləsinin təsdiq edilməsi qanununun tətbiqi barədə fərmana, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunun icrasının təmin edilməsi barədə fərmana, “Üzümçülük və şərabçılıq haqqında” qanunun tətbiqi barədə fərmana, “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” fərmana da dəyişikliklər edilib.
2017-ci ildə yaradılan Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Bu həftə prezident “Yeyinti məhsulları haqqında” qanuna dəyişiklikləri imzalayıb. Yeniliklərdən biri qida məhsullarının təhlükəsizliyinə dair sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini Qida Təhlükəsizliyi Agentliyinə həvalə edir.
Başqa bir dəyişikliyə əsasən, idxalçı ölkələr tələb etdiyi hallarda xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı veriləcək.
Azərbaycana idxal olunan qida məhsulları qanunvericiliyə uyğun olaraq tanınmış və ya qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır.
Qanuna görə, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti yoxlanır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir.
Qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.
Qida təhlükəsizliyi sahəsində müvafiq texniki normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən; üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən; mənşəyi məlum olmayan, saxtalaşdırılmış; üzərində saxlanma müddəti göstərilməyən və ya saxlama müddəti ötmüş; markalanmasına dair məcburi tələblərə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur.
Mayın 1-də imzalanmış fərman isə Azərbaycandan Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracını tənzimləyən 1 aprel 2005-ci il fərmanında dəyişikliyi nəzərdə tutur. 1 may 2018-ci il fərmanına əsasən, Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqandır.
Bütün bu yeniliklər iyulun 1-dən qüvvəyə minəcək.