Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev həbs olunub.
APA-nın xəbərinə görə, qərar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin verdiyi vəsatət əsasında, Nəsimi Rayon Məhkəməsində çıxarılıb.
Hakim Şəlalə Həsənova hər üç şəxs barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilməsinə qərar verib.
Telman Məmmədhəsənov, Azad Ələkbərov və Mahir Abdullayev Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizlik qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.
Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində yanğın martın 2-si səhər tezdən, taxta konstruksiyalı birmərtəbəli korpusda baş verib. Korpusda olan 55 nəfərdən 30-u xilas edilib, 25 nəfər isə həlak olub.
Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.2-ci və 308.2-ci maddələri ilə cinayət işinə başlanıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, yanğınla əlaqədar dövlət komissiyası da yaradılıb.
Martın 6-da Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda deyilir ki, yanğın Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədovun ucbatından baş verib.
Məlumata görə, Məhəmməd Məmmədov ailə üzvlərinin ona münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəlib. Bu məqsədlə o, martın 2-si saat 06 radələrində qaldığı palatada büründüyü yorğanı alışqanla yandırıb, amma alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb, yanan yorğanı çarpayısının üstünə atıb və Narkoloji Mərkəzi tərk edib.
Məhəmməd Məmmədov martın 3-də həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.