Parlamentin 4 may iclasında insan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov 2017-ci ilin məlumatını açıqlayıb. Report.az-ın xəbərinə görə, məruzəçi deyib ki, ötən il Daxili İşlər Nazirliyi 142 insan alveri, 6 məcburi əmək cinayəti, 26 başqa fakt aşkarlayıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.
Nazir müavini bildirib ki, qurbanların 68-i Azərbaycan, 2-si Rusiya, 1-i Ukrayna vətəndaşı olub: “Onların 43-u istismar məqsədilə Türkiyəyə, 9-u Birləşmiş Ərəb Əmirliklərinə, 8-i Rusiyaya, 5-i Malayziyaya, 4-ü Pakistana aparılıb, 2 əcnəbi Azərbaycanda istismara məruz qalıb.
İnsan alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işlərindən 28-nin istintaqı tamamlanaraq 33 şəxs məhkəmə məsuliyyətinə verilib. Onların 29-u barəsində ittiham hökmləri çıxarılaraq 23 nəfər şərti məhkum olunub, 5 nəfər azadlıqdan məhrum edilib, 1 nəfər barədə hökmün icrası təxirə salınıb. İnsan alveri cinayətləri törətdiklərinə görə axtarılan 55 təqsirləndirilən şəxsdən 32-si tutulub, 2 nəfərin yeri müəyyən edilib”.
Milli koordinator qeyd edib ki, insan alveri qurbanlarının 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji, hüquqi yardımlarla əhatə olunub, hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənib: “68 qurban sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə qeyri-hökumət təşkilatlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq yardım mərkəzinə istiqamətləndirilib, 21 nəfər işlə təmin olunub, 6 nəfər peşə kursuna göndərilib, 55 nəfər ailələrinə qaytarılıb.
Qurbanların övladları da diqqət mərkəzində saxlanıb, 15 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 11-nin atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 9-na doğum haqqında şəhadətnamənin alınmasında köməklik göstərilib”.
Vilayət Eyvazov deyib ki, ölkədə olma və yaşama qaydalarını pozan 20 min 285 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 6 min 330 nəfər ölkə hüdudlarından kənara çıxarılıb: “Ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən olunub. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənib. Onların təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb”.