Mayın 3-də prezident İlham Əliyev şərabçılığın inkişafı proqramını təsdiq edib. 2018-2025-ci illəri əhatə edən dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək İqtisadiyyat Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub.
Novator.az bildirir ki, proqramın məqsədi şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə üzümçülüyün və şərabçılığın inkişafını stimullaşdırmaqdır. Bu məqsədə nail olmaq üçün şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi; şərab istehsalı və ixracının artırılması; ixrac bazarlarının diversifikasiyası; şərab istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması; şərab istehsalı infrastrukturunda geriləmənin aradan qaldırılması və milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması; şərabçılıq sahəsində mütəxəssislərin bilik və bacarıqlarının beynəlxalq təcrübəyə uyğun artırılması; istehlak bazarında və idxalda keyfiyyətsiz məhsullara qarşı mübarizənin gücləndirilməsi vəzifələrinin icrası tələb olunur.
Şərabçılığın inkişafının əsas istiqamətləri proqramda belə müəyyən edilib: şərabçılığın inkişafı üzrə institusional tədbirlərin həyata keçirilməsi; şərab istehsalının infrastruktur təminatının yaxşılaşdırılması; şərabçılıq sahəsində elmi və kadr potensialının daha da gücləndirilməsi; şərab istehsalı potensialının artırılmasına dövlət dəstəyi; daxili bazarda şərab satışının dəstəklənməsi və keyfiyyətə nəzarətin gücləndirilməsi; şərab və şərabçılıq məhsulları ixracının təşviqi və dəstəklənməsi.
Proqramın maliyyələşmə mənbələri dövlət büdcəsi; büdcədənkənar fondlar; Sahibkarlığa Kömək Milli Fondunun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin vəsaitləri; yerli və xarici investisiyalar; qanunvericiliklə qadağan olunmayan digər mənbələrdir.