Vergilər Nazirliyində İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamenti adlı struktur yaradılıb. Yenilik prezident İlham Əliyevin 20 aprel 2018-ci il sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi zərurəti ilə əsaslandırılıb. İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirləri əhatə edən həmin sərəncamda bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinin birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinin 2 may məlumatına görə, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamentinin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinə dəstəyin verilməsi, idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.