Mayın 1-də prezident İlham Əliyev yeni fərman imzalayıb. Sənəd Azərbaycandan Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracını tənzimləyən 1 aprel 2005-ci il fərmanında dəyişikliyi nəzərdə tutur. 1 may 2018-ci il fərmanına əsasən, Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqandır.
Yenilik bu il iyulun 1-dən qüvvəyə minəcək.
Novator.az bildirir ki, əsasnaməsi və strukturu dövlət başçısının 13 noyabr 2017-ci il fərmanı ilə təsdiq edilən Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Qida Təhlükəsizliyi Agentliyinə Qoşqar Təhməzli sədrlik edir.