Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində prezidentin 19 aprel fərmanının icrası ilə əlaqədar yaradılmış komissiya ilk iclasını keçirib. Rəsmi məlumata görə, 30 aprel iclasında çıxış edən komissiya sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, fərman Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarda xəbərsiz itkin düşdüyü üçün ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsini yaxşılaşdırmağı nəzərdə tutur: “Sənədə əsasən, 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və xəbərsiz itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmə veriləcək. Nazirliyin əmri ilə yaradılan komissiya bu istiqamətdə tədbirlərin təşkilini və həyata keçirilməsini təmin edir.
Fərmanda nəzərdə tutulan şəxslərin ümumi siyahısının hazırlanması üçün aidiyyəti qurumlara müraciətin göndərilməsi ilə bağlı konkret müddətlər müəyyən edilib. Eyni zamanda birdəfəlik ödəmənin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Sosial ödənişlər” alt-sistemində “Birdəfəlik ödəmələr” bölməsi və müraciətlərin vahid elektron reyestri yaradılacaq. Hərbi qulluqçunun ad və soyadını, atasının adını daxil etməklə müvafiq siyahıda olub-olmamasını müəyyən etməyə imkan verən internet informasiya resursunun fəaliyyəti də təmin ediləcək.
Bu işlər fərmanda ödəniş edilməsi nəzərdə tutulan şəxslərin vərəsələrinin hər hansı süni maneələr və süründürməçilik olmadan şəffaf şəkildə bu hüquqlarının tanınmasını təmin edəcək, eyni zamanda ödəniş mexanizmi də aidiyyəti qurumlarla razılaşdırılaraq sadə, əlçatan və səmərəli şəkildə qurulacaq”.
İclasda 19 aprel fərmanının icrasının təmin edilməsi üçün qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Novator.az xatırladır ki, fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçuların ümumi siyahısını aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edib üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Birdəfəlik ödəmələr həmin siyahıdakı hərbi qulluqçuların vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiq olunmuş sənədləri əsasında ödəniləcək. Həmçinin birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə veriləcək.
Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında, Dövlət Sığorta Kommersiya Şirkəti isə 1997-ci il avqustun 2-dək sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Maliyyə Nazirliyini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məlumatlandırmalıdır.
1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib.