Ermənistanın ikinci prezidenti Robert Köçəryan Rusiyanın NTV kanalına müsahibəsində müxalifət lideri Nikol Paşinyanı tənqid edib. Novator.az-ın məlumatına görə, o deyib: “Nikol Paşinyanın hərəkətləri qəbuledilməzdir. O nə tələb edir? “Hakimiyyəti dərhal mənə verin” deyir. Hakimiyyət çamadan deyil ki, götürüb verəsən. Parlamentdən, deputat korpusundan, konkret şəxslərdən söhbət gedir, onların qüruru var axı. Paşinyan hökuməti, deputatları öz vicdanının, baxışlarının, siyasi təsəvvürlərinin əleyhinə getməyə məcbur edir. Onlar böyük kütlə ilə şantaj olunur”.
Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-97-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. 1998-ci ilin fevralında Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşdığı üçün istefa verməyə məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.
Robert Köçəryandan sonra prezident postunu Dağlıq Qarabağ bölgəsindən olan Serj Sərkisyan tutub. Serj Sərkisyan 1993-cü ildən Ermənistanın siyasi elitasında təmsil olunub. O, Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-1993-cü illərdə Dağlıq Qarabağdakı separatçı hərbi qüvvələrin komandanı olub, 1993-cü ildən Ermənistanda müdafiə naziri postunu (iki dəfə) tutub, daxili işlər, milli təhlükəsizlik orqanlarına, Prezident Aparatına rəhbərlik edib.
2007-ci ildə baş nazir kürsüsünə keçən Serj Sərkisyan 2008 və 2013-cü illərdə prezident seçilib.
2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur olub.
Hazırda Ermənistan hökumətinə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini Karen Karapetyana həvalə olunub. Karen Karapetyan 1963-cü ildə Dağlıq Qarabağ bölgəsində doğulub. 2016-cı ildə baş nazir təyin edilən Karen Karapetyan 2018-ci il aprelin 18-də baş nazirin birinci müavini vəzifəsinə keçib.
Hakim Respublika Partiyasının sədri Serj Sərkisyanı istefaya göndərən inqilabın lideri Nikol Paşinyanın baş nazir kürsüsünə oturması üçün maneələr aradan qalxıb. Parlamentdə 58 deputatla təmsil edilən Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib.
Yeni baş naziri parlamentin 1 may iclasında seçmək planlaşdırılır. Baş nazir mandatı almaq üçün 105 nəfərlik parlamentdə azı 53 səs gərəkdir.
Yerevanda və ölkənin başqa bölgələrində keçirilən aksiyalarda Respublika Partiyasının hakimiyyətdən uzaqlaşması, baş nazir postuna müxalif Vətəndaş Sazişi Partiyasının sədri, parlamentdəki “Çıxış” blokunun lideri Nikol Paşinyanın seçilməsi tələb olunur.
“Çıxış” bloku parlamentdə 9 mandata sahibdir.
31 mandatlı Sarukyan bloku və 7 mandatlı Daşnaksütun Partiyası Nikol Paşinyana dəstək verir.
Nikol Paşinyan 1975-ci ildə İcevan şəhərində doğulub. Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Bəzi nəşrlərdə müxbir, redaktor vəzifələrində çalışıb. Həm Robert Köçəryana, həm də Serj Sərkisyana sərt müxalif mövqedə olub. 2009-2011-ci illərdə həbsdə yatıb.
2012-ci ilin parlament seçkisinə birinci prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.
2013-cü ildə Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının sədri seçilib. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradaraq parlamentə düşüb.
2018-ci il martın 31-dən aprelin 13-dək Nikol Paşinyan Ermənistanın bir çox şəhəri boyunca sabiq prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib. Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib.