Ermənistan inqilabının lideri Nikol Paşinyanın baş nazir kürsüsünə oturması üçün maneələr aradan qalxıb. Novator.az-ın məlumatına görə, hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib.
Aprelin 23-də Respublika Partiyasının sədri Serj Sərkisyan baş nazir postundan istefa verəndən sonra hökumətə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini Karen Karapetyana həvalə olunub. Karen Karapetyan Respublika Partiyası sədrinin birinci müavinidir.
Yeni baş naziri parlamentin 1 may iclasında seçmək planlaşdırılır. Baş nazir mandatı almaq üçün 105 nəfərlik parlamentdə azı 53 səs gərəkdir.
Yerevanda və ölkənin başqa bölgələrində keçirilən aksiyalarda Respublika Partiyasının hakimiyyətdən uzaqlaşması, baş nazir postuna müxalif Vətəndaş Sazişi Partiyasının sədri, parlamentdəki “Çıxış” blokunun lideri Nikol Paşinyanın seçilməsi tələb olunur.
“Çıxış” bloku parlamentdə 9 mandata sahibdir.
31 mandatlı Sarukyan bloku və 7 mandatlı Daşnaksütun Partiyası Nikol Paşinyana dəstək verir.
Parlamentdə 58 deputatla təmsil edilən Respublika Partiyası təzyiqlər qarşısında geri çəkilərək baş nazirliyə namizəd irəli sürmür, bu isə Nikol Paşinyanın hökuməti götürmək şansını artırır.
Nikol Paşinyan aprelin 29-u Yerevanda keçirilən aksiyada bəyan edib ki, yeni hökumət qurulandan sonra iki ay ərzində növbədənkənar parlament seçkisi keçiriləcək.
Novator.az bildirir ki, Nikol Paşinyan 1975-ci ildə İcevan şəhərində doğulub. Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Bəzi nəşrlərdə müxbir, redaktor vəzifələrində çalışıb.
1998-ci ildə Nikol Paşinyan “Oraqir” qəzetini təsis edərək bu nəşrin baş redaktoru postunu tutub. 1999-cu ildə qəzet prezident Robert Köçəryana müxalif mövqeyinə gərə qapadılıb.
2000-ci ildən Nikol Paşinyan müxalif “Aykakan jamanak” qəzetinin baş redaktoru olub.
2008-ci ilin prezident seçkisində o, sabiq dövlət başçısı Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. Həmin seçkini Serj Sərkisyan udub. Seçkinin nəticələrinə qarşı aksiyaların yatırılması 10 nəfərin ölümünə gətirib. Nikol Paşinyan həmin aksiyalarda iştirakına görə 2009-cu ildə həbsə göndərilib, 2011-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb.
2012-ci ilin parlament seçkisinə birinci prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.
2013-cü ildə Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının sədri seçilib. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradaraq parlamentə düşüb.
2018-ci il martın 31-dən aprelin 13-dək Nikol Paşinyan Ermənistanın bir çox şəhəri boyunca sabiq prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.
Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Serj Sərkisyan 1993-cü ildən Ermənistanın siyasi elitasında təmsil olunub. O, Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-1993-cü illərdə Dağlıq Qarabağdakı separatçı hərbi qüvvələrin komandanı olub, 1993-cü ildən Ermənistanda müdafiə naziri postunu (iki dəfə) tutub, daxili işlər, milli təhlükəsizlik orqanlarına, Prezident Aparatına rəhbərlik edib.
2007-ci ildə baş nazir kürsüsünə keçən Serj Sərkisyan 2008-ci ildən 2018-ci il aprelin 9-dək prezident olub.