Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq sabiq deputat Hüseyn Abdullayevin işi ilə bağlı birgə açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Vergilər Nazirliyinin yoxlaması “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənmədiyini üzə çıxarıb, 7 iyun 2013-cü ildə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə iş başlanıb: “İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub”.
Rəsmi məlumata görə, sonra Hüseyn Abdullayevin ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etdiyi bilinib, 3 oktyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi qərarı çıxarılıb.
Hüseyn Abdullayevin Türkiyə ərazisində tutularaq 22 aprel 2018-ci ildə Azərbaycanın hüquq mühafizə orqanlarına təhvil verildiyi, özünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirildiyi və ittihamlarla tanış olduğu vurğulanır.
Açıqlamada o da bildirilir ki, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci ildə başlanmış cinayət işi üzrə Hüseyn Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olub 13 min 373 manat məbləğində dividendləri ələ keçirməsinə şübhələr müəyyən edilib.
Qeyd olunur ki, Hüseyn Abdullayev dəfələrlə Namiq Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək hədələyib, müqavilə şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat əvəzinə onun nümayəndələrinə 6 min manat ödəməsini istəyib. Bu motivlər üzrə Hüseyn Abdullayevə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham elan edilib.
İstintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.
Hüseyn Abdullayev 1967-ci ildə doğulub. Bir vaxtlar Yeni Azərbaycan Partiyası hakimiyyətinə yaxınlığı ilə tanınıb.
2005-ci ildə 25 saylı Nizami seçki dairəsindən (Bakı) deputat seçilib. Milli Məclisin 2007-ci il martın 16-da keçirilən iclasında onun deputat Fəzail Ağamalı ilə davası düşüb. Martın 19-da Milli Məclis baş prokurorun təqdimatına əsasən Hüseyn Abdullayevin deputat toxunulmazlığını ləğv edib. Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.
2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib. Son illər Hüseyn Abdullayev Azərbaycan hakimiyyətinə qarşı sərt çıxışları ilə gündəmə gəlirdi.