Novator.az Ermənistan parlamentindəki qüvvələr nisbətinə nəzər salıb.
Aprelin 23-də hakim Respublika Partiyasının sədri Serj Sərkisyan baş nazir postundan istefa verəndən sonra Ermənistan hökumətinə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini Karen Karapetyana həvalə olunub. 2016-2018-ci illərdə baş nazir postunu tutmuş Karen Karapetyan Respublika Partiyası sədrinin birinci müavinidir. Onun baş nazirliyə namizəd olacağı bildirilir.
Yeni baş naziri parlamentin 1 may iclasında seçmək planlaşdırılır. Baş nazir kürsüsünə oturmaq üçün 105 nəfərlik parlamentdə azı 53 səs almaq gərəkdir.
Serj Sərkisyan aprelin 17-də 77 səslə baş nazir seçilmişdi. Ancaq o, xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur oldu.
Yerevanda və ölkənin başqa bölgələrində davam edən kütləvi aksiyalarda Respublika Partiyasının hakimiyyətdən uzaqlaşması, baş nazir postuna müxalif Vətəndaş Sazişi Partiyasının sədri, parlamentdəki “Çıxış” blokunun lideri Nikol Paşinyanın seçilməsi tələb olunur.
Serj Sərkisyan hakimiyyətinə son qoyan inqilabın memarı Nikol Paşinyanın liderlik etdiyi “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Bu bloku üç partiya yaradıb. Deputatların 4-ü Nikol Paşinyanın partiyasındandır.
Hökumətə qarşı son aksiyalara qatılan, əsasən Çiçəklənən Ermənistan Partiyasının üzvlərindən ibarət Sarukyan blokunun parlamentdə 31 mandatı var. Blokda 4 partiyasız şəxs və başqa partiyalardan 2 nəfər yer alır.
Aprelin 25-də Respublika Partiyası ilə müttəfiqliyə son verərək koalisiyadan çıxmış Daşnaksütun Partiyası parlamentdə 7 mandatla təmsil olunur. Onların 2-si heç bir partiyanın üzvü deyil.
Respublika Partiyası parlamentdə 58 deputatla təmsil edilir. Onların 11-i partiyasız şəxslər, 4-ü başqa partiyaların təmsilçisidir.
Nikol Paşinyanın parlamentdəki indiki qüvvələr nisbəti ilə baş nazir seçilib-seçilməyəcəyini yaxın gələcək göstərəcək.
42 yaşlı Nikol Paşinyan 2018-ci il martın 31-dən aprelin 13-dək Ermənistanın bir çox şəhəri boyunca sabiq prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.
Serj Sərkisyanın süqutundan sonra da aksiyalar səngimir. Nikol Paşinyan Respublika Partiyasının baş nazirliyə namizəd irəli sürməməsini, hakimiyyətin ona təhvil verilməsini, milli etimad hökumətinin qurulmasını və növbədənkənar parlament seçkisinin keçirilməsini istəyir.