Azərbaycanın beynəlxalq axtarışa verdiyi sabiq deputat Hüseyn Abdullayev bu ay tutularaq ölkəyə gətirilib. Onu “İnterpol” əməkdaşlarının Türkiyədə tutub Azərbaycanın daxili işlər orqanlarının rəsmilərinə təhvil verdiyi açıqlanıb.
Hüseyn Abdullayev 1967-ci ildə doğulub. Bir vaxtlar Yeni Azərbaycan Partiyası hakimiyyətinə yaxınlığı ilə tanınıb.
2005-ci ildə 25 saylı Nizami seçki dairəsindən (Bakı) deputat seçilib. Milli Məclisin 2007-ci il martın 16-da keçirilən iclasında onun deputat Fəzail Ağamalı ilə davası düşüb. Martın 19-da Milli Məclis baş prokurorun təqdimatına əsasən Hüseyn Abdullayevin deputat toxunulmazlığını ləğv edib. Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.
2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib.
2013-cü ildə Azərbaycanda Hüseyn Abdullayevə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.
Son illər Hüseyn Abdullayev Azərbaycan hakimiyyətinə qarşı sərt çıxışları ilə gündəmə gəlirdi.
Hazırda Bakı İstintaq Təcridxanasında saxlandığı bildirilən Hüseyn Abdullayevin vergi işi üzrə istintaqa cəlb olunduğu deyilir.
Novator.az bildirir ki, Vergilər Nazirliyinin 2013-cü ilin iyul ayında yaydığı məlumata görə, Bakı Şəhər Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış “Araz İNC” MMC-də vergi yoxlaması aparılıb: “Müəyyən edilib ki, cəmiyyətin Yasamal rayonunda inşa etdiyi binanın 5,2 min kvadratmetr yaşayış və 1043 kvadratmetr qeyri-yaşayış sahəsi 2009-cu il fevralın 1-dən 2013-cü il yanvarın 1-dək olan dövr ərzində müxtəlif şəxslərə satılaraq 8,2 milyon manat vəsait əldə olunsa da, həmin dövriyyəni əks etdirən bəyannamələr vergi orqanına təqdim edilməyib, habelə “Araz İNC” MMC xüsusi razılıq (lisenziya) almadan tikinti-quraşdırma işləri həyata keçirib.
İbtidai istintaq zamanı “Araz İNC” MMC-nin fəaliyyətinə faktiki rəhbərliyi Hüseyn Abdullayevin həyata keçirdiyi aşkar edilib.
2009-cu il fevralın 1-dən 2013-cü il yanvarın 1-dək olan dövr ərzində “Araz İNC” 1,5 milyon manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılıb.
Hüseyn Abdullayev “Araz İNC” MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub, 966 min manat məbləğində gəlir əldə edib.
Hüseyn Abdullayev qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma cinayət əməlləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, lakin istintaqın çağırışlarına gəlmədiyi, istintaqdan gizləndiyi və ölkə hüdudlarından kənarda olduğu üçün beynəlxalq axtarışa verilib”.