Ermənistanın istefada olan hökumətində parçalanma dərinləşib. Novator.az-ın məlumatına görə, aprelin 25-i axşam bəyanat yayan Daşnaksütun Partiyası hakim koalisiyadan çıxdığını açıqlayıb.
Respublika Partiyası ilə birgə qurulmuş hökumətdə Daşnaksütun Partiyasının 3 nazir, 2 qubernator postu var. Daşnakların 25 aprel bəyanatında qeyd olunur ki, yaranmış vəziyyətdə xalqın etimad göstərdiyi şəxsin baş nazir seçilib yeni hökumət qurmasına ehtiyac var.
Hökumətdə parçalanma aprelin 25-də partiyasız nazirlərdən birinin istefa verərək xalq etirazlarına qoşulduğunu bəyan etməsi ilə başlayıb.
Hakim Respublika Partiyasının sədri Serj Sərkisyan 2008-ci ildən bu il aprelin 9-dək ölkə prezidenti olub. Aprelin 17-də o, parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib. Ancaq xalq etirazlarına görə aprelin 23-də Serj Sərkisyan istefa verib.
Etirazlara müxalif Vətəndaş Sazişi Partiyasının sədri, parlamentdəki “Çıxış” blokunun lideri Nikol Paşinyan başçılıq edib.
Baş nazir olmadığı üçün hökumət aprelin 23-də tam tərkibdə istefaya gedib. Prezident Armen Sərkisyan səlahiyyətlərin icrasını əvvəlki tərkibə tapşırıb. Hökumətə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini Karen Karapetyana həvalə olunub. Karen Karapetyan Respublika Partiyası sədrinin birinci müavinidir.
Yerevanda aprelin 25-də keçirilən kütləvi aksiyalarda Respublika Partiyasının hakimiyyətdən uzaqlaşması, baş nazir postuna Nikol Paşinyanın seçilməsi tələb olunub.
1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. 2009-2011-ci illərdə Serj Sərkisyanın ilk dəfə prezident seçildiyi 2008-ci ilin xalq etirazlarına görə həbsdə yatıb. 2012-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresindən, 2017-ci ildə “Çıxış” blokundan deputat seçilib.
Yeni baş naziri parlament seçməlidir. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Respublika Partiyasının parlamentdə 58, Daşnaksütun Partiyasının 7, Sarukyan blokunun 31, “Çıxış” blokunun 9 mandatı var.
Özəyini Çiçəklənən Ermənistan Partiyası təşkil edən Sarukyan bloku hazırda Nikol Paşinyana dəstək verir.