“Azərbaycana dəstəyi qətiyyətlə davam etdirəcəyik”. Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan aprelin 25-i Ankarada dövlət başçısı İlham Əliyevlə danışıqlardan sonra jurnalistlərə belə deyib. Mətbuata bəyanatında Ərdoğan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə toxunub: “Bu yubiley münasibətilə Azərbaycan xalqını indidən təbrik etmək istəyirəm. Müstəqilliyin möhkəmlənməsində və Azərbaycanın sərhədlərinin müəyyənləşməsində töhfəsi olan Qafqaz İslam Ordusu da 100 il əvvəl yaradılıb. 2018-ci ildə Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərinin xatirəsini də layiqincə anmaq üçün ölkələrimiz lazımi hazırlıq işləri görür. “Bir millət, iki dövlət” kəlamı boş yerdən yaranmayıb. Bu ifadənin altında əziz şəhidlərimizin qanları ilə yazdıqları imza var. Çanaqqala dastanında, Bakının qurtuluşunda məhz bu qardaşlıq ruhuna şahid oluruq.
Ölkələrimiz arasında əməkdaşlıq və həmrəylik bu gün də eyni anlayışla davam edir. Biz ortaq mövqeyimizi Dağlıq Qarabağ məsələsində də, Afrində də bütün dünyaya eyni ilə göstərmişik. 2016-cı ilin 15 iyul xain dövlət çevrilişi cəhdindən dərhal sonra bizə dəstək verən ilk liderlərdən biri dəyərli qardaşım İlham Əliyev olub. Azərbaycan bu gün başda “FETÖ” olmaqla terror təşkilatları ilə mübarizəmizdə bizə ən çox dəstək verən ölkədir. Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı zamanı da istər Azərbaycan hökuməti, istərsə də Azərbaycan xalqı hər zaman bizim yanımızda oldu.
Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həlli ən böyük arzumuzdur. Bu məsələdə Azərbaycana verdiyimiz dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hərbi və müdafiə sənayesi sahələrindəki əməkdaşlığımızı da gücləndirməkdə qərarlıyıq”.
İlham Əliyev bəyanatında iki ölkənin bütün məsələlərdə bir yerdə olduğunu vurğulayıb: “Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik.
Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmayıb. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.
Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Türkiyəni daim dəstəkləyir, Türkiyənin terrorla mücadilə yolunda hər zaman həmrəylik göstərib, hər zaman Türkiyənin yanında olduğunu ifadə edib. “Zeytun budağı” əməliyyatının uğurla keçirilməsi ilə bağlı bütün qardaş türk xalqını təbrik edirəm. Azərbaycan xalqı bu məsələdə də hər zaman həmrəylik göstərib. Bu bizim ümumi məsələmizdir”.
İlham Əliyev onu da qeyd edib ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var: “Biz ordumuzun ehtiyacını o cümlədən Türkiyədə istehsal olunan hərbi məhsullar hesabına təmin edirik. Bu gün aparılan danışıqlarda qərara gəldik ki, bundan sonra da bu istiqamətdə addımlar atılacaq. Biz görürük ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və istehsal olunan məhsullar ən yüksək standartlara uyğundur”.