2017-ci ildə ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2 milyon 775,5 min ton tullantı əmələ gəlib . Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, tullantıların 56,8 faizi bərk məişət tullantıları, 43,2 faizi müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar olub.
Ötən il yaranmış 1 milyon 576,5 min ton və əvvəlki illərdən qalmış 1,5 min ton bərk məişət tullantılarının 33,4 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi ölkə daxilində satılıb, 66,1 faizi isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 170,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Sənayedə və digər sahələrdə təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 25,7 faizi yeni məhsul alınması və digər məqsədlər üçün müəssisə daxilində istifadə edilib, 11,2 faizi ölkə daxilində satılıb, 0,5 faizi ixrac olunub, 10,9 faizi zibilxanalara atılıb, 51,7 faizi isə müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 208,3 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 7,5 faiz olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla 57 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların böyük hissəsi mədən sənayesi müəssisələrində yaranıb və onların 83,9 faizi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.
Lalə Bağırlı