10 il Ermənistanı idarə edən Serj Sərkisyan aprelin 23-də hakimiyyətdən getdi. Novator.az bildirir ki, 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Sərkisyan 1993-cü ildən Ermənistanın siyasi elitasında təmsil olunurdu.
Sərkisyan Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-1993-cü illərdə Dağlıq Qarabağdakı separatçı hərbi qüvvələrin komandanı olub, 1993-cü ildən Ermənistanda müdafiə naziri postunu (iki dəfə) tutub, daxili işlər, milli təhlükəsizlik orqanlarına, Prezident Aparatına rəhbərlik edib.
2007-ci ildə baş nazir kürsüsünə keçən Sərkisyan 2008 və 2013-cü illərdə prezident seçilib.
2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur olub.
Sərkisyan 2008-ci ildə hakimiyyətdə həmyerlisi Robert Köçəryanı əvəzləmişdi.
Köçəryan 1954-cü ildə Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-97-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib.
1945-ci ildə Suriyada doğulmuş Levon Ter-Petrosyan Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının əsas ideloqlarından sayılır. O, 1990-98-ci illərdə Ermənistana rəhbərlik edib (əvvəl parlamentin sədri, daha sonra prezident kimi). 1998-ci ilin fevralında Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşdığı üçün istefa verməyə məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulmuş daha bir şəxs – Seyran Ohanyan uzun illər Ermənistanda yüksək postlar tutub. 1962-ci il təvəllüdlü Ohanyan Azərbaycan torpaqlarının işğalının və Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin rəhbərlərindən biridir. 1999-cu ildən Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” olub. 2007-ci ildən Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi postunu tutub. 2008-2016-cı illərdə müdafiə naziri vəzifəsində çalışıb.
2016-cı ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsini Dağlıq Qarabağ bölgəsində doğulmuş Movses Akopyan tutur.
1965-ci il təvəllüdlü Akopyan 1988-ci ildən SSRİ Silahlı Qüvvələrinin Xankəndidəki 366-cı alayında, 1992-ci ildən Dağlıq Qarabağ separatçılarının ordusunda qulluq edib. Azərbaycan torpaqlarının işğalının və Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin iştirakçısıdır. 2007-ci ildən işğalçı rejimin “müdafiə naziri” olub. 2015-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin mavini, 2016-cı ildən müdafiə nazirinin müavini postunda çalışıb.
Hazırda Ermənistan hökumətinə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini Karen Karapetyana həvalə olunub. Karapetyan 1963-cü ildə Dağlıq Qarabağ bölgəsində doğulub. 2016-cı ildə baş nazir təyin edilən Karapetyan 2018-ci il aprelin 18-də baş nazirin birinci müavini vəzifəsinə keçib.
Dağlıq Qarabağda doğulmuş Arkadi Qukasyan 2009-cu ildən Ermənistanda xüsusi tapşırıqlar üzrə səfirdir, Qarabağa dair bəzi danışıqlarda iştirak edir.
1957-ci il təvəllüdlü Qukasyan 1992-ci ildə separatçı Dağlıq Qarabağın rejiminin parlamentinə seçilib, həmin ildən “Dövlət Müdafiə Komitəsi”nin rəhbərliyində təmsil edilib, 1993-cü ildən “xarici işlər naziri” postunu tutub. 1997-2007-ci illərdə Dağlıq Qarabağ rejiminin “prezidenti” olub.
2018-ci ilin aprelində Serj Sərkisyan iqtidarına qarşı üsyana rəhbərlik etmiş deputat Nikol Paşinyan bildirib ki, müvəqqəti hökumətin başçısı ilə hakimiyyətin təhvil verilməsi barədə danışıqlar aparacaq. O deyib ki, Sərkisyanın istefasından sonra növbəti hədəflər milli etimad hökumətinin qurulması və qısa vaxt ərzində növbədənkənar parlament seçkisinin keçirilməsidir.
Beləliklə, qarabağlıların Ermənistanda 20 ildən çox çəkən hökmranlığı bitir.
Novator.az xatırladır ki, 2018-ci il aprelin 9-dan Ermənistana yerevanlı Armen Sərkisyan prezidentlik edir. 1953-cü il təvəllüdlü Sərkisyan 2018-ci il martın 2-si parlamentdə dövlət başçısı seçilib.