Ermənistan hökuməti aprelin 23-də tam tərkibdə istefaya gedib. Həmin gün baş nazir postdan getdiyi üçün hökumətin istefasını qəbul edən prezident Armen Sərkisyan səlahiyyətlərin icrasını əvvəlki tərkibə tapşırıb. Novator.az-ın məlumatına görə, hökumətə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini Karen Karapetyana həvalə olunub.
Karen Karapetyan 1963-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Stepanakert şəhərində doğulub, Ermənistanın paytaxtı Yerevanda böyüyüb.
1985-ci ildə Yerevan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirən Karen Karapetyan iqtisad elmləri doktorudur. Yerevan Dövlət Universitetinin müəllimi olub, uzun illər energetika sahəsində yüksək vəzifələrdə çalışıb, “Qazprom-Ermənistan” şirkətinə rəhbərlik edib. 2010-2011-ci illərdə Yerevan meri postunu tutub.
2016-cı ildə baş nazir təyin edilən Karen Karapetyan bu il aprelin 18-də Serj Sərkisyan hökumətində baş nazirin birinci müavini vəzifəsinə keçib.
Serj Sərkisyan 1954-cü ildə Stepanakertdə doğulub. Yerevan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Dağlıq Qarabağın komsomol və partiya orqanlarında yüksək vəzifələrdə çalışıb. Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-1993-cü illərdə Dağlıq Qarabağdakı separatçı hərbi qüvvələrin komandanı olub, 1993-cü ildən Ermənistanda müdafiə naziri postunu (iki dəfə) tutub, daxili işlər, milli təhlükəsizlik orqanlarına, Prezident Aparatına rəhbərlik edib, baş nazir və prezident kürsülərində çalışıb. Ermənistan Respublika Partiyasının sədridir.
Bu il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib. Ancaq xalq etirazlarına görə aprelin 23-də Serj Sərkisyan baş nazir postundan istefa verib.
Xalq etirazlarına 42 yaşlı müxalif deputat Nikol Paşinyan başçılıq edib. 2017-ci ildə seçilmiş parlamentdə “Çıxış” blokunun lideri, Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan martın 31-dən aprelin 13-dək Gümrü, Spitak, Dilican, Sevan, Razdan şəhərləri boyunca Serj Sərkisyanın əleyhinə yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.
Aprelin 23-də Nikol Paşinyan bəyan edib ki, müvəqqəti hökumətin başçısı Karen Karapetyanla hakimiyyətin təhvil verilməsi danışıqları aparacaq. O deyib ki, Serj Sərkisyanın istefasından sonra növbəti hədəflər milli etimad hökumətinin qurulması və qısa vaxt ərzində növbədənkənar parlament seçkisinin keçirilməsidir.
Yeni baş naziri parlament seçməlidir. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Ermənistan Respublika Partiyasının parlamentdə 58, onun müttəfiqi olan Daşnaksütun Partiyasının 7, Sarukyan blokunun 31, “Çıxış” blokunun 9 mandatı var.
1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. 2009-2011-ci illərdə Serj Sərkisyanın ilk dəfə prezident seçildiyi 2008-ci ilin xalq etirazlarına görə həbsdə yatıb. 2012-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresindən, 2017-ci ildə “Çıxış” blokundan deputat seçilib.