Milli Məclisin 24 aprel iclasında “Məşğulluq haqqında” qanun layihəsi ilk oxunuşda qəbul olunub. Novator.az-ın məlumatına görə, sənəd məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.
Qanun Azərbaycan vətəndaşlarına, ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
Sənədə əsasən, məşğul şəxslərə bunlar aiddir: muzdla işləyənlər; mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər; sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər; Azərbaycanın Silahlı Qüvvələrində xidmət edənlər; əyani təhsil alanlar; Azərbaycan ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; Azərbaycanın hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları.
Qanun layihəsinə görə, işaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydasını icra hakimiyyəti orqanı müəyyən edir. Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar.
Bu şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir: 15 yaşına çatmayanlar; ali və orta ixtisas təhsil müəssisəsinin əyani şöbəsində təhsil alanlar; yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər; bəzi hallar istisna olmaqla göndəriş əsasında bağlanmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər (6 ay müddətində).
İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları elektron informasiya sisteminə daxil etməlidirlər.