Şəki Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının şikayətinə baxılması prosesi başa çatıb.
Hakim Rafail Əliyevin sədrlik etdiyi proses şikayətin təmin olunmaması ilə yekunlaşıb.
Şikayət Balakən Rayon Məhkəməsinin Əfqan Muxtarlı haqda çıxardığı hökmdən verilmişdi. Əfqan Muxtarlı hökmün ləğv olunmasını, ona bəraət verilməsini istəyirdi. Lakin apellyasiya instansiyası hökmü qüvvədə saxlayıb.
Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlı haqda hökmü 2018-ci ilin yanvar ayının 12-də çıxarıb. Hökmə əsasən, jurnalist dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Novator.az bildirir ki, Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2017-ci il mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilib.
Gürcüstanda da Əfqan Muxtarlı ilə bağlı cinayət işinə başlanıb. İş qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırılır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva 4 yaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb. Leyla Mustafayeva Almaniya hökumətindən sığınacaq istəyəcəyini bəyan edib. O, Gürcüstanı tərk etməsinin səbəbini həmin ölkədə özünü təhlükəsiz duymaması və izlənməsi ilə əlaqələndirib.
Əfqan Muxtarlı hazırda Şəki İstintaq Təcridxanasında saxlanır.