Aprelin 23-də Vəkillər Kollegiyası Nemət Kərimli və Əsabəli Mustafayevin vəkillik fəaliyyətinin 1 illiyə dayandırılması haqda qərar çıxarıb.
Qərar baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında qəbul edilib. Rüstəm Usubov Vəkillər Kollegiyasına müraciətində bildirib ki, Nemət Kərimli jurnalist Əfqan Muxtarlının, Əsabəli Mustafayev isə AXCP sədrinin müavini Gözəl Bayramlının işini siyasiləşdirir. Rustəm Usubov vurğulayıb ki, bütün bunlar Baş Prokurorluğun nüfuzuna zərbə vurur, Əfqan Muxtarlının və Əsabəli Mustafayevin həbsi ilə bağlı ictimaiyyəti çaşdıran informasiyaların yayılmasına səbəb olur.
Nemət Kərimli və Əsabəli Mustafayev Vəkillər Kollegiyasının qərarını alandan sonra məhkəmə iddiası qaldırmaq niyyətindədirlər.
Əfqan Muxtarlı 2017-ci il mayın 29-da tutulub, 2018-ci il yanvarın 12-də dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum olunub.
Qaçaqmalçılıqda ittiham olunan Gözəl Bayramlı 2017-ci il mayın 25-də tutulub, 2018-ci il yanvarın 23-də 3 il müddətinə azadlıqdan məhrum edilib.