Aprelin 23-də prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin təyin olunması ilə bağlı növbəti sərəncamını imzalayıb.
Aprelin 18-də İlham Əliyevin yeni prezidentlik dönəmi başlayıb. Azərbaycan Konstitusiyasının tələbinə görə, həmin gün Nazirlər Kabineti istefa verib. Dövlət başçısı kabinetin yeni tərkibini aprelin 21-dən formalaşdırmağa başlayıb. Həmin gün baş nazir, baş nazirin müavinləri, bəzi nazirlər və bəzi mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təyin edilib.
Aprelin 23-də təyinat almaqla hökumətin yeni tərkibinə daxil olan şəxslərin siyahısı isə belədir:
Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri (hökumətin əvvəlki tərkibində bu vəzifəni Hüseynqulu Bağırov tuturdu; deputat Muxtar Babayev həmçinin Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədridir);
Azad Rəhimov – gənclər və idman naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);
Yavər Camalov – müdafiə sənayesi naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);
Oqtay Şirəliyev – səhiyyə naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);
Hicran Hüseynova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);
Fuad Muradov – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri (hökumətin əvvəlki tərkibində bu vəzifəni Nazim İbrahimov tuturdu; Fuad Muradov Milli Məclisin deputatıdır);
Mübariz Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);
Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sədri (hökumətin əvvəlki tərkibində bu vəzifəni Aydın Əliyev tuturdu; sədr təyin edilənə qədər Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini idi);
Tahir Budaqov – Dövlət Statistika Komitəsinin sədri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);
Kərəm Həsənov – Əmlak Məsələləri Dövlət Komitəsinin sədri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);
Qoşqar Təhməzli – Qida Təhlükəsizliyi Agentliyinin sədri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);
Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi (hökumətin əvvəlki tərkibində bu vəzifəni Firudin Nəbiyev tuturdu; Vüsal Hüseynov Milli Məclisin deputatıdır);
Arzu Rəhimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu).
Prezident İlham Əliyev aprelin 20-də Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaratdığı iki yeni quruma – Mədəniyyət Nazirliyinə və Dövlət Turizm Agentliyinə də rəhbərlər təyin edib.
Əvvəlki hökumətdə Mədəniyyət və Turizm Nazirliyinə Əbülfəs Qarayev başçılıq edirdi. Aprelin 23-də dövlət başçısı Əbülfəs Qarayevi mədəniyyət naziri təyin edib. Dövlət Turizm Agentliyinə isə Fuad Nağıyev sədr təyin olunub. Fuad Nağıyev bu təyinatadək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.
Prezidentin 23 aprel sərəncamında ötən ilin dekabrından vakant qalmış təhsil naziri postuna da təyinat var. Bu vəzifəyə təhsil nazirinin müavini vəzifəsində çalışan və ötən ilin dekabrından nazirin səlahiyyətlərini həyata keçirən Ceyhun Bayramov təyin olunub.
Aprelin 21-də prezidentin imzaladığı sərəncamlara əsasən, hökumətə daxil olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında isə yeni agentlik – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Yeni agentliyə mərkəzi icra hakimiyyəti orqanı statusu verilib.
Həmçinin Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb. Ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib.
Hələlik Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Əqli Mülkiyyət Agentliyinə rəhbərlər təyin olunmayıb.
Hökumətə daxil olan Milli Arxiv İdarəsinin rəisi postuna da hələ ki, təyinat yoxdur. Hazırda Milli Arxiv İdarəsinin rəisi səlahiyyətlərini Ataxan Paşayev icra edir.
Xatırladaq ki, Azərbaycanın baş naziri Novruz Məmmədov, onunla eyni gündə – aprelin 21-də kabinetdə yer tutan digər şəxslər isə bunlardır:
Yaqub Eyyubov – baş nazirin birinci müavini;
Əli Əhmədov – baş nazirin müavini;
Əli Həsənov – baş nazirin müavini;
Hacıbala Abutalıbov – baş nazirin müavini;
Ramil Usubov – daxili işlər naziri;
Pərviz Şahbazov – energetika naziri;
Fikrət Məmmədov – ədliyyə naziri;
Sahil Babayev – əmək və əhalinin sosial müdafiəsi naziri;
Kəmaləddin Heydərov – fövqəladə hallar naziri;
Elmar Məmmədyarov – xarici işlər naziri;
Şahin Mustafayev – iqtisadiyyat naziri;
İnam Kərimov – kənd təsərrüfatı naziri;
Samir Şərifov – maliyyə naziri;
Zakir Həsənov – müdafiə naziri;
Ramin Quluzadə – nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri;
Mikayıl Cabbarov – vergilər naziri;
Samir Nuriyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;
Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri;
Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi;
Mədət Quliyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi;
Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi.