Dövlət başçısı İlham Əliyevin 21 aprel sərəncamı ilə Nazirlər Kabinetinin üzvlüyündə saxlanan şəxslərin 6-sı hökumətə Heydər Əliyevin prezidentliyi dövründə gətirilib.
Heydər Əliyev 1993-cü ildən prezident olub, 2003-cü ildən dövlət başçısı postunda İlham Əliyev əyləşir.
Novator.az bildirir ki, baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətdə 1999-cu ildən təmsil edilir. 2003-cü ilədək baş nazirin müavini olub.
Baş nazirin müavini Əli Həsənov 1998-ci ildən hökumətdə yer alır.
Daxili işlər naziri Ramil Usubov 1994-cü ildən postdadır.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1995-ci ildən hökumətdədir. 2006-cı ilədək Dövlət Gömrük Komitəsinin sədri olub.
Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziridir.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Nazirlər Kabinetində 2002-ci ildən təmsil olunur.
Yeni hökumətdə stajlı başqa şəxslər də yer alır. Baş nazir Novruz Məmmədov 1997-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, 2017-ci ildən həm də prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi idi.
Aprelin 21-də baş nazirin müavini təyin olunan Hacıbala Abutalıbov 2000-2001-ci illərdə də həmin vəzifəni tutub, 2001-ci ildən isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olub.
Hazırkı Nazirlər Kabinetinin üzvləri arasında ən stajlı rəsmi Ramil Usubovdur. Bu həftə Ramil Usubovun daxili işlər naziri təyin olunmasının 24 ili tamamlanır. Ramil Usubov 1994-cü il aprelin 29-da daxili işlər naziri təyin edilib. O, başçılıq etdiyi qurumun tarixində nazir postunda ən uzun müddət çalışmış şəxsdir.
1948-ci ildə anadan olan Ramil Usubov Bakı Xüsusi Orta Milis Məktəbini və SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir.
Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, Əli-Bayramlı Şəhər-Rayon Polis Şöbəsinin rəisi vəzifələrində çalışıb.
1987-1989 və 1993-1994-cü illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub.
Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.
General-polkovnikdir.