Aprelin 23-də Serj Sərkisyan Ermənistanın baş naziri postundan istefa verib. Novator.az-ın məlumatına görə, rəsmi bəyanat yayan Serj Sərkisyan onun baş nazirliyinə etiraz edənlərə səslənərək qeyd edib ki, xalqa son dəfə ölkə rəhbəri kimi üz tutur. O, Ermənistanda yaranmış gərgin vəziyyətdən başqa çıxış yolları da olduğunu deyib: “Ancaq həmin başqa yollar mənlik deyil, ona görə də ölkənin rəhbəri, baş nazir postunu tərk edirəm. Ölkəmizə sülh, harmoniya və məntiq arzulayıram. Təşəkkürlər!”
Novator.az bildirir ki, Serj Sərkisyan 1954-cü il iyunun 30-da Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Stepanakertdə (Xankəndi) doğulub. Yerevan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1975-1979-cu illərdə Yerevan Elektrotexnika Zavodunda tokar vəzifəsində çalışıb.
1979-1988-ci illərdə Stepanakert Şəhər Komsomol Komitəsində şöbə müdiri, ikinci katib, birinci katib, Stepanakert Şəhər Partiya Komitəsində şöbə müdiri, Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsində təlimatçı, birinci katibin köməkçisi postlarını tutub.
O, Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.
2008 və 2013-cü illərdə prezident seçilib.
2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.
Serj Sərkisyan bu il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib. Ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb.
Martın 31-də 42 yaşlı müxalif deputat Nikol Paşinyan Serj Sərkisyanın hakimiyyətdən getməsi tələbi ilə hərəkat başlayıb.
2017-ci ildə seçilmiş parlamentdə “Çıxış” blokunun lideri, Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan martın 31-dən aprelin 13-dək Gümrü, Spitak, Dilican, Sevan, Razdan şəhərləri boyunca Serj Sərkisyanın əleyhinə yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyaların tələbi Serj Sərkisyanın hakimiyyətdən əl çəkməsi idi.
Aprelin 16-da Nikol Paşinyan polisin aksiyalara müdaxiləsi nəticəsində əlindən yaralanıb.
Dünən Nikol Paşinyan və “Çıxış” blokundan deputatlar Ararat Mirzoyan, Sasun Mikaelyan tutulub. Ancaq yürüş-mitinqlərin qarşısını almaq mümkün olmayıb. Bu gün Yerevanı yenə aksiyalar bürüyüb. Yerevan Dövlət Universitetinin, Amerika Universitetinin, Rusiya-Ermənistan Universitetinin, Fransız Universitetinin, Pedaqoji Universitetin, Tibb Universitetinin və başqa ali təhsil ocaqlarının tələbələri paytaxtın küçələrinə axışıb. Şəhərin mərkəzində yürüş keçirən tələbələr tutulan aksiyaçıların dərhal azadlığa buraxılmasını, Serj Sərkisyanın baş nazir postundan istefa verməsini, növbədənkənar parlament seçkisi təyin olunmasını tələb ediblər. Onlara bir qrup hərbi qulluqçu da qoşulub.
Aksiyalar fonunda baş nazirin birinci müavini Karen Karapetyan saxlandığı polis məntəqəsində Nikol Paşinyanla görüşüb. Bundan dərhal sonra Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikaelyan azadlığa çıxıblar.
Aksiyaların təşəbbüskarı yeni çağırış etdi
Yerevanda gərginlik daha da artıb
Yerevan Sərkisyana müqavimət göstərir
Serj Sərkisyan baş nazir seçildi
Sərkisyan hökumət qurmaq hüququ əldə etdi
Hökumət qurulur, aksiyalar isə səngimir
Sərkisyan hökumətində təyinatlar
Sərkisyan dialoqa, Paşinyan istefaya çağırır
Dialoq alınmır, aksiyalar dayanmır
Tələbələr Sərkisyanı istefaya çağırır