Ermənistanda gərginlik artır. Aprelin 13-dən paytaxt Yerevanda keçirilən davamlı etiraz aksiyaları başqa şəhərlərə də sirayət edir. Parlamentdə 9 deputatla təmsil olunan müxalif “Çıxış” blokunun lideri, Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyanın başçılıq etdiyi aksiyalarda Serj Sərkisyanın hakimiyyətinin uzanmasına etiraz bildirilir.
Serj Sərkisyan 2008-ci ildən bu il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib (77 deputat onu dəstəkləyib, 17 nəfər əleyhinə səs verib) və prezident sərəncamı ilə bu posta təsdiqlənib. Ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb.
Nikol Paşinyan Serj Sərkisyanın baş nazir postundan istefa verməsini, hakim Respublika Partiyasının yox, xalqın namizədi olan başqa bir şəxsin hökumət başına gətirilməsini tələb edir. Serj Sərkisyan aprelin 21-də bəyanat yayaraq Nikol Paşinyanı dialoqa çağırıb. Müxalif lider bu çağırış qarşısında istefa tələbində israr etdiyini açıqlayıb.
Aprelin 21-i Yerevanda yenə yürüş-mitinqlər keçirilir. Polis onlarla şəxsi saxlayıb.
Azərbaycan torpaqlarında qurulmuş işğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyan aprelin 21-də aksiyaçılara müraciət ünvanlayaraq onları ölkənin təhlükəsizliyini təhdid edən qarşıdurmalara getməməyə səsləyib.
Serj Sərkisyan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Stepanakertdə (Xankəndi) doğulub. O, Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.
2008 və 2013-cü illərdə prezident seçilib. 2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir. Respublika Partiyası müttəfiqi Daşnaksütunla birgə 105 yerlik Ermənistan parlamentində 65 mandata sahibdir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulmuş Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti postunu tutub. Hazırda Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olan Movses Akopyan da Dağlıq Qarabağ bölgəsindəndir.