Aprelin 21-də Milli Məclisin iclası keçirilib. İclasda prezident İlham Əliyevin Novruz Məmmədovun baş nazir təyin olunması barədə təqdimatına baxılıb.
Novruz Məmmədov iclasda çıxış edib. Yekunda parlament onun baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib. Bunun ardınca prezident İlham Əliyev sərəncam imzalayaraq Novruz Məmmədovu baş nazir təyin edib. Sərəncam dərhal qüvvəyə minib.
Novruz Məmmədov 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulub. 1970-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirib. Fransız dili üzrə mütəxəssisdir.
1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.
1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq fakültəsinin, 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində çalışıb.
1997-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, 2017-ci ildən həm də prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi olub.
I dərəcəli dövlət müşaviri, filologiya elmləri namizədidir.
Evlidir. Üç övladı və nəvələri var.
Novruz Məmmədovdan qabaq Azərbaycanın baş naziri Artur Rasizadə olub.