Əmək və əhalinin sosial müdafiəsi nazirinin səlahiyyətlərini icra edən Səlim Müslümov jurnalistlərə müsahibəsində prezident İlham Əliyevin 19 aprel fərmanını şərh edib. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Ödəməni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Müslümov deyib ki, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib: “Dövlət başçısının 19 aprel fərmanı isə həmin qanun qüvvəyə mindiyi günədək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsini nəzərdə tutur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçuların ümumi siyahısını aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edib üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək. Birdəfəlik ödəmələr həmin siyahıdakı hərbi qulluqçuların vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiq olunmuş sənədləri əsasında ödəniləcək. Həmçinin birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə veriləcək”.
Müslümov diqqətə çatdırıb ki, Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında, Dövlət Sığorta Kommersiya Şirkəti isə 1997-ci il avqustun 2-dək sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Maliyyə Nazirliyini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məlumatlandırmalıdır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair müraciəti müraciətlərin vahid elektron reyestrinə daxil edəcək. Müraciətin daxilolma tarixini, reyestr nömrəsini əks etdirən qəbz müraciət etmiş şəxsə təqdim olunacaq”.
Nazirliyin hərbi qulluqçunun adının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi ümumi siyahıda olub-olmamasını müəyyən edəcəyini vurğulayan Müslümov deyib ki, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul olunacaq: “Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul etdiyi şəxslər barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edəcək. Müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq birdəfəlik ödəmələr nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək və bu barədə həmin şəxslərə məlumat veriləcək”.
Leyla Hacıyeva