Respublikaçı Alternativ Partiyasının Məclisi ilk iclasını may ayının birinci həftəsində keçirmək istəyir. Bunu Novator.az-a açıqlamasında Məclis üzvü Azər Qasımlı deyib.
On ildir fəaliyyət göstərən eyni adlı ictimai-siyasi hərəkat əsasında yaradılmış partiyanın təsis qurultayı aprelin 7-8-də keçirilib. Azər Qasımlının sözlərinə görə, qurultayın 7 aprel bölümü internet vasitəsilə baş tutub: “Həmin gün açıq səsvermə yolu ilə partiya təsis olundu, nizamnamə, proqram və atributlar qəbul edildi, seçki komissiyası formalaşdı. Aprelin 8-də isə təşkilatın ofisindən seçki məntəqəsi kimi istifadə olundu və gizli səsvermə yolu ilə partiyanın sədri, Məclis, Nəzarət-Təftiş Komissiyası seçildi”.
Respublikaçı Alternativ Partiyasının qısa adı REAL Partiyadır. Nizamnaməsinə əsasən, partiyanın ikipilləli strukturu var: el məclisləri (yerli təşkilatlar); qurultay, Məclis, Nəzarət-Təftiş Komissiyası, İdarə Heyəti və sədr (mərkəzi təşkilatlar).
4 ildən bir çağırılan qurultaylar arasında təşkilata sədr rəhbərlik edir. Ali orqan olan Məclis qurultayda seçilən 40 üzvdən və el məclisi sədrlərindən ibarətdir.
Məclis gizli səsvermə yolu ilə özünün sərbəst üzvlərindən başqanını, komitə rəhbərlərini və partiya sədrinin təqdimatı ilə İdarə Heyətini seçir.
Təsis qurultayında Respublikaçı Alternativ Partiyasının sədri vəzifəsinə həbsdə olan İlqar Məmmədov seçilib.
Gələn ay keçiriləcək ilk iclasda Məclisin başqanını və İdarə Heyətini seçmək planlaşdırılır.
Azər Qasımlı Nəzarət-Təftiş Komissiyasının yaxın günlərdə toplaşaraq özünə sədr seçəcəyini də bildirib.
1970-ci ildə Bakıda doğulan İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub. REAL Hərəkatını 2008-ci ildə yaradıb.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.