Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib.
Qərarlardan biri hüquqşünas Ənnağı Hacıbəyli və hüquq müdafiəçisi İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilə bilməməsi ilə bağlı verdikləri şikayət üzrədir.
Avropa Məhkəməsi belə qərara gəlib ki, Ənnağı Hacıbəyli ilə İntiqam Əliyevin məsələsində Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) pozulub, həmçinin Azərbaycan hökuməti bu işlərdə konvensiyanın 34-cü maddəsi (fərdi şikayətlər) üzrə öhdəliklərini yerinə yetirməyib.
Avropa Məhkəməsi Azərbaycan hökumətinin Ənnağı Hacıbəyli və İntiqam Əliyevin hər birinə mənəvi zərərin əvəzi kimi 7500 avro ödəməsi barədə qərar qəbul edib.
Qərara əsasən, Ənnağı Hacıbəyliyə məhkəmə məsrəflərinə görə əlavə 2500 avro da ödənməlidir.
“Amerikanın səsi” xəbər verir ki, Avropa Məhkəməsinin digər qərarı hüquq müdafiəçisi Anar Məmmədli ilə bağlıdır. Anar Məmmədli 2013-cü il dekabrın 16-da tutulub, onun barəsində həbs qətimkan tədbiri seçilib, sonradan bu tədbirin müddəti uzadılıb. Həmin vaxt Anar Məmmədli həbs qətimkan tədbirinin seçilməsi, eyni zamanda uzadılmasından Avropa Məhkəməsinə də şikayət verib.
Avropa Məhkəməsi bu işdə Avropa İnsan Hüquqları Konvensiyasının 5.1-ci və 5.4-cü maddələrinin (azadlıq hüququ), həmçinin konvensiyanın 18-ci maddəsinin (hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması) pozulduğu qərarına gəlib.
Məhkəmə Azərbaycan hökumətinin Anar Məmmədliyə mənəvi zərərə görə 20000 avro, məhkəmə məsrəflərinə görə isə 2500 avro ödəməsi barədə qərar çıxarıb.
Xatırladaq ki, Anar Məmmədli 2013-cü ildə qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə və vergidən yayınma ittihamları ilə tutulmuşdu. 2014-cü il mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu həmin ittihamlar üzrə təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.
Anar Məmmədli 2016-cı il martın 17-də dövlət başçısının imzaladığı əfv sərəncamçı ilə azadlığa çıxıb.