Dövlət Statistika Komitəsi mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti barədə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 4,4 faiz, sektorun gəlirləri 18,2 faiz artıb.
2017-ci ildə mehmanxanalarda gecələmələrin 61,2 faizi Bakının, 8,1 faizi Qəbələnin, 5 faizi Xaçmazın, 3,9 faizi Qusarın, 3,1 faizi Qubanın, 2,7 faizi Naftalanın payına düşüb.
2016-cı illə müqayisədə mehmanxanaların xidmətlərindən istifadə edən əcnəbi turistlərin sayı 26,3 faiz artaraq 981 min nəfər olub. Yerləşdirilmiş xarici ölkə vətəndaşları arasında Rusiya vətəndaşları 14,4 faiz, Böyük Britaniya vətəndaşları 8,1 faiz, Türkiyə vətəndaşları 7,3 faiz, İran vətəndaşları 7,2 faiz, ABŞ vətəndaşları 3 faiz, Ukrayna vətəndaşları 2,3 faiz, Almaniya vətəndaşları 2,2 faiz, İtaliya vətəndaşları 1,8 faiz, Gürcüstan vətəndaşları 1,5 faiz, digər ölkələrin vətəndaşları 52,2 faiz təşkil edib.
Mehmanxanalarda yerləşdirilmiş şəxslərin ümumi sayı 2016-cı illə müqayisədə 25,6 faiz artaraq 1 milyon 409,5 min nəfərə çatıb. Onların 30,4 faizi Azərbaycan vətəndaşıdır.
Mehmanxanalarda çalışan işçilərin orta illik sayı 9911 nəfər, bir işçiyə düşən orta aylıq əməkhaqqının məbləği 558,8 manat göstərilir.