Ermənistan parlamenti aprelin 17-də hakim Respublika Partiyasının sədri, sabiq prezident Serj Sərkisyanı baş nazir seçməyə hazırlaşır. İclas saat 12-yə təyin olunub.
Serj Sərkisyanı baş nazir postuna Respublika Partiyasının və onun hökumət ortağı olan Daşnaksütun Partiyasının parlament fraksiyaları aprelin 16-da namizəd irəli sürüb.
Müxalifətin bir qolu Serj Sərkisyanın baş nazir postuna gətirilməsinin qarşısını almağa çalışır. Novator.az-ın məlumatına görə, səhər tezdən paytaxt Yerevanda gərginlik artıb. Serj Sərkisyana qarşı çıxan aksiyaçılar şəhərin mərkəzi yollarını bağlayıb. Aksiyalara Vətəndaş Sazişi Partiyasının sədri, parlamentdə 9 deputatla təmsil olunan “Çıxış” blokunun lideri Nikol Paşinyan başçılıq edir. Şəhərin ayrı-ayrı nöqtələrində polislə toqquşmalar qeydə alınır, tutulanlar var.
Serj Sərkisyan 2008-ci ildən Ermənistan prezidenti olub. Bu il aprelin 9-da onun prezident səlahiyyəti sona çatıb. Həmin gün prezident səlahiyyətlərinin icrasına başlayan Armen Sərkisyan Karen Karapetyanın baş nazir olduğu hökumətin istefasını qəbul edib. Ölkə tam parlament idarə üsuluna keçdiyi üçün yeni baş naziri aprelin 17-də Milli Məclis seçəcək. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Respublika Partiyasının 58, Daşnaksütun Partiyasının 7 mandatı var.
Parlamentin seçdiyi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır.
Aprelin 9-da tam qüvvəyə minmiş yeni konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir.
Serj Sərkisyanın hakimiyyətinin uzanmasından narazı olan müxaliflər aprelin 13-dən Yerevanda fasiləsiz aksiyalar keçirir. Aksiyalar “Çıxış” blokunun təşəbbüsüdür.