Aprelin 17-də Ermənistan Milli Məclisi hakim Respublika Partiyasının sədri, sabiq prezident Serj Sərkisyanı baş nazir seçib. Novator.az-ın məlumatına görə, 77 deputat onu dəstəkləyib, 17 nəfər əleyhinə səs verib.
Serj Sərkisyan Respublika Partiyasının və onun hökumət ortağı olan Daşnaksütun Partiyasının namizədidir. Bu iki partiya 105 nəfərlik parlamentdə 65 yerə sahibdir. Parlamentin qərarından sonra baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır.
Serj Sərkisyanın hakimiyyətinin uzanmasından narazı olan müxaliflər aprelin 13-dən Yerevanda fasiləsiz aksiyalar keçirir. Aksiyalar parlamentdə 9 deputatla təmsil olunan “Çıxış” blokunun təşəbbüsüdür. Aprelin 17-də paytaxt Yerevanda gərginlik artıb. Serj Sərkisyana qarşı çıxan aksiyaçılar şəhərin mərkəzi yollarını, bəzi dövlət qurumlarının giriş-çıxışını bağlayıb. Aksiyalara Vətəndaş Sazişi Partiyasının sədri, “Çıxış” blokunun lideri Nikol Paşinyan başçılıq edir. Polislə toqquşmalarda 80-ə yaxın şəxsin tutulduğu xəbər verilir.
Aprelin 9-da tam qüvvəyə minmiş yeni konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir. Silahlı Qüvvələr hökumətə tabedir. Müharibə zamanı ali baş komandan funksiyası baş nazirə keçir. Ali vəzifəli şəxs olan Silahlı Qüvvələrin Baş Qərargah rəisini baş nazirin təqdimatı ilə prezident təyin edir.
Serj Sərkisyan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Stepanakertdə (Xankəndi) doğulub. Yerevan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1979-1988-ci illərdə Stepanakert Şəhər Komsomol Komitəsində şöbə müdiri, ikinci katib, birinci katib, Stepanakert Şəhər Partiya Komitəsində şöbə müdiri, Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsində təlimatçı, birinci katibin köməkçisi postlarını tutub.
O, Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.
2008 və 2013-cü illərdə prezident seçilib. 2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulmuş Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti postunu tutub. Hazırda Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olan Movses Akopyan da Dağlıq Qarabağ bölgəsindəndir.